Apple iPhone 18 Pro istehsalını sürətləndirir

 Apple iPhone 18 Pro istehsalını

"Apple"ın əsas istehsal tərəfdaşı olan "Foxconn" iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin istehsalını genişləndirmək məqsədilə işçi qəbulunu sürətləndirib. "China Securities News" nəşrinə istinadən "MacRumors"un yaydığı məlumata görə, şirkət istehsal həcmini artırmaq üçün əmək bazarında əlavə stimullaşdırıcı tədbirlər həyata keçirir.

Mənbələrin bildirdiyinə görə, yeni nəsil smartfonlar artıq kütləvi istehsal mərhələsinə daxil olub və payızda planlaşdırılan satışlardan əvvəl istehsal gücü artırılır. Bununla əlaqədar "Foxconn" yeni əməkdaşların cəlb edilməsi üçün saatlıq əməkhaqqını, baza maaşlarını və yenidən işə qayıdan işçilər üçün bonusları yüksəldib. Bu addım istehsal prosesinin tələb etdiyi əlavə işçi qüvvəsinə olan ehtiyacın artdığını göstərir.

Məlumata əsasən, iPhone 18 Pro seriyasının əsas yeniliklərindən biri ön kamera və Face ID sistemi üçün nəzərdə tutulan Dynamic Island çıxıntısının əhəmiyyətli dərəcədə kiçildilməsi olacaq. Bildirilir ki, çıxıntının eni 20,76 millimetrdən 13,49 millimetrə qədər azalacaq və bunun nəticəsində ekranın istifadə oluna bilən sahəsi təxminən 94,7%-ə yüksələcək.

Bundan başqa, yeni modellərin A20 Pro prosessoru ilə təchiz ediləcəyi gözlənilir. Həmçinin dəyişkən diafraqmalı əsas kameranın zəif işıqlandırma şəraitində foto və video çəkiliş keyfiyyətini, eləcə də dərinlik effektinin idarə olunmasını yaxşılaşdıracağı bildirilir.

"MacRumors"un məlumatına görə, "Apple" yeni iPhone seriyasının satış strategiyasında da dəyişiklik etməyə hazırlaşır. Gözləntilərə əsasən, iPhone 18 Pro və iPhone 18 Pro Max modelləri ənənəvi olaraq sentyabr ayında təqdim ediləcək. Standart iPhone 18 modelinin isə gələn il iPhone 18e və iPhone Air 2 ilə birlikdə satışa çıxarılması planlaşdırılır.

MONETAR.AZ