Çin süni intellekt texnologiyalarının ixracını məhdudlaşdırır

Çin süni intellekt texnologiyalarının ixracını

Çin hakimiyyəti süni intellekt (Sİ) və yarımkeçiricilər sahəsində ixrac nəzarətinin əhəmiyyətli dərəcədə sərtləşdirilməsi imkanlarını qiymətləndirir. "Financial Times"ın müzakirələrlə tanış mənbələrə istinadən yaydığı məlumata görə, bu addım Çin və ABŞ arasında dərinləşən texnoloji rəqabətin növbəti mərhələsi kimi qiymətləndirilir.

Məlumata əsasən, Çin Xalq Respublikasının Ticarət Nazirliyi "Alibaba", "ByteDance", "Zhipu" və "Huawei" də daxil olmaqla aparıcı Sİ şirkətləri və çip istehsalçıları ilə məsləhətləşmələr aparır. Müzakirələr çərçivəsində süni intellekt modellərinin təlimi üçün istifadə olunan məlumatların xaricə ötürülməsinin məhdudlaşdırılması, eləcə də xarici istifadəçilərin ən qabaqcıl Sİ modellərinin çəkilərini (weights) yükləməsinin qadağan edilməsi nəzərdən keçirilir.

Bununla yanaşı, Çin hakimiyyəti xarici istifadəçilərin bulud xidmətləri vasitəsilə modellərə çıxış imkanını və Sİ xidmətlərindən istifadəsini qoruyub saxlamağı planlaşdırır.

Müzakirə olunan digər tədbirlər arasında xarici yarımkeçirici istehsalçılarının Çin şirkətlərinin layihələri əsasında qabaqcıl çiplər istehsal etməsinin qadağan edilməsi, həmçinin strateji əhəmiyyət daşıyan texnologiya sahələrində fəaliyyət göstərən Çin startaplarının xarici investorlar tərəfindən alınmasına məhdudiyyətlərin tətbiqi də yer alır.

Qeyd olunur ki, sözügedən dəyişikliklər Çinin ixracı qadağan olunan və ya məhdudlaşdırılan texnologiyalar kataloqunun növbəti redaksiyasına daxil edilə bilər. Qərarlar təsdiqlənərsə, bu, son illərdə ölkənin ixrac nəzarəti siyasətində ən genişmiqyaslı dəyişikliklərdən biri olacaq.

Sənaye nümayəndələri isə hökumətlə keçirilən müzakirələr zamanı xəbərdarlıq ediblər ki, həddindən artıq sərt ixrac məhdudiyyətləri Çinin süni intellekt sektorunun inkişaf tempini zəiflədə və ölkənin qlobal texnoloji rəqabətdə mövqeyinə mənfi təsir göstərə bilər.

MONETAR.AZ