Samsung Electronics robototexnikanı şirkətin gələcək inkişafının əsas istiqamətlərindən birinə çevirmək məqsədilə yeni struktur bölməsi yaradıb. Şirkətin açıqlamasına görə, RX (Robotics eXperience) adlanan bölmə birbaşa baş icraçı direktora (CEO) tabe olacaq.
Yeni bölmə robototexnika sahəsində orta və uzunmüddətli strategiyanın hazırlanması, əsas texnologiyaların inkişafı və əməliyyat fəaliyyətinin koordinasiyasına cavabdeh olacaq. Bununla yanaşı, Samsung həm Cənubi Koreyada, həm də xarici ölkələrdə elmi-tədqiqat imkanlarını genişləndirməyi planlaşdırır.
Robototexnika strategiyasına rəhbərlik şirkətin icraçı vitse-prezidenti Li Donçuna (Lee Dong-choon) həvalə olunub. O, əvvəllər Hyundai Motor Group tərkibində robototexnika strategiyasına rəhbərlik edib və Boston Dynamics şirkətinin fəaliyyətinə nəzarət edən komandanın üzvü olub.
Samsung rəqabət qabiliyyətini gücləndirmək məqsədilə ABŞ, Çin və Yaponiyada robototexnika üzrə tədqiqat mərkəzləri açacağını da açıqlayıb. Şirkət hesab edir ki, bu ölkələrdə formalaşmış innovasiya ekosistemləri və yerli ekspertiza yeni texnologiyaların hazırlanmasını sürətləndirəcək.
Bu addım Samsung-un robototexnika sahəsində həyata keçirdiyi strategiyanın davamı hesab olunur. Şirkət hələ bu ilin əvvəlində humanoid robotlar istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə etməyi hədəflədiyini bəyan etmişdi.
Aprel ayında isə Samsung robototexnika texnologiyalarının inkişafını sürətləndirmək üçün investisiyaların artırılması, birləşmə və satınalmalar (M&A), həmçinin yerli texnologiya şirkətləri ilə tərəfdaşlıqların genişləndirilməsini nəzərdən keçirdiyini açıqlamışdı.
Şirkətin qiymətləndirməsinə görə, Physical AI (fiziki süni intellekt) texnologiyalarında əldə olunan son nailiyyətlər robototexnika bazarının perspektivlərini əhəmiyyətli dərəcədə artırır. Samsung ilkin mərhələdə istehsal müəssisələrində istifadə olunacaq humanoid robotlar hazırlamağı, daha sonra isə bu texnologiyaları məişət və pərakəndə satış sektoruna tətbiq etməyi planlaşdırır.
MONETAR.AZ