Alovlar Avropanı təhdid edir: Son 20 ilin ən riskli dövrü

Alovlar Avropanı təhdid edir:

Avropada 2026-cı ilin meşə yanğınları mövsümü ağır başlayıb. İlin ilk aylarında yanğınların əhatə etdiyi ümumi ərazi artıq 2025-ci il üzrə qeydə alınmış göstəriciyə yaxınlaşıb.

Məlumat Avropa Meşə Yanğınları İnformasiya Sistemi (EFFIS) əsasında hazırlanan araşdırmada əks olunub. Təhlil 2006-cı ildən etibarən Avropa ölkələrində yanğınların əhatə etdiyi sahələrin dinamikasını göstərir.

Araşdırmaya görə, Almaniya, Kipr, Rumıniya və Fransa meşə yanğınlarının uzunmüddətli orta göstəricilərdən ən çox artdığı ölkələr sırasındadır. Almaniyada yanğınların əhatə etdiyi ərazi tarixi orta göstəricini yeddi dəfədən çox üstələyib. Kiprdə də bu göstərici orta səviyyədən xeyli yüksək olub.

Ümumilikdə isə son iyirmi ildə ən böyük yanğın sahələri İspaniya və Portuqaliyada qeydə alınıb. İtaliya, Yunanıstan, Türkiyə və Balkan ölkələri də tez-tez genişmiqyaslı meşə yanğınları ilə üzləşən ölkələr sırasındadır.

Fransada Bordo şəhəri yaxınlığında baş verən iri yanğınlar səbəbindən on minlərlə sakin və turist təxliyə edilib. Ölkə yanğınların söndürülməsi üçün Avropa İttifaqının birgə yanğınsöndürmə resurslarından yardım istəyib. İspaniyada isə davam edən istilər fonunda meşə yanğınlarının genişlənməsi ilə əlaqədar fövqəladə tədbirlər görülüb.

Hesabatda qeyd olunur ki, Ukraynada 2022-ci ildən etibarən qeydə alınan yüksək yanğın göstəriciləri davam edən müharibə ilə əlaqəli yanğınları da əhatə edir.

Mütəxəssislərin fikrincə, havaların daha isti keçməsi, uzunmüddətli quraqlıq, torpaq istifadəsində dəyişikliklər və meşələrdə yanacaq materiallarının toplanması meşə yanğınlarının yaranma riskini artırır və onların söndürülməsini çətinləşdirir. Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi və digər beynəlxalq qurumların təhlilləri göstərir ki, erkən başlayan istilər xüsusilə Cənubi Avropada meşə yanğınları mövsümünün uzanmasına səbəb olur.

MONETAR.AZ