Dünyanın müxtəlif ölkələrində mənzil qiymətləri ilə əhalinin gəlirləri arasında ciddi fərqlər qalmaqdadır. BMT-nin UN-Habitat təşkilatının "World Cities Report 2026" hesabatı əsasında hazırlanan araşdırma göstərir ki, mənzilin əlçatanlığı ölkələrin iqtisadi inkişaf səviyyəsindən daha çox ev qiymətlərinin yerli gəlirlərlə nə dərəcədə uyğunlaşmasından asılıdır.
Araşdırmada 180-dən çox ölkə üzrə mənzilin orta qiymətinin illik ev təsərrüfatı gəlirlərinə nisbəti müqayisə edilib. Bu göstərici orta qiymətli mənzil almaq üçün orta gəlirə malik ailənin neçə illik gəlirə ehtiyac duyduğunu əks etdirir. Nisbət nə qədər aşağıdırsa, mənzil bir o qədər əlçatan hesab olunur.
Məlumata görə, ən əlverişli mənzil bazarları Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində qeydə alınıb. Hər iki ölkədə mənzil qiymətinin gəlirə nisbəti 3,0 təşkil edir. Sonrakı yerlərdə Cənubi Afrika (3,4), Şimali Koreya (3,5), Oman (3,6), Nauru (4,0) və ABŞ (4,5) qərarlaşıb. Müqayisə üçün qeyd olunur ki, dünya üzrə orta göstərici 11,2-dir.
Hesabatda bildirilir ki, Körfəz ölkələrində yüksək gəlirlər və dövlətin mənzil siyasəti ev sahibi olmağı əhalinin böyük hissəsi üçün daha əlçatan edir. ABŞ-da isə son illərdə ipoteka faizlərinin yüksəlməsi və mənzil təklifinin məhdudluğu əlçatanlığı azaltsa da, ev qiymətlərinin gəlirlərə nisbəti bir çox inkişaf etmiş ölkələrlə müqayisədə daha aşağı səviyyədə qalır.
Ən aşağı mənzil əlçatanlığı isə Suriyada qeydə alınıb. Burada mənzil qiymətinin gəlirə nisbəti 86,7 təşkil edir. Sonrakı yerlərdə Şri-Lanka (40,8) və Çin (34,6) qərarlaşıb. Cənubi Koreya, Tailand, Vyetnam və Filippin də mənzil almağın ən çətin olduğu ölkələr sırasındadır.
Avropada da mənzil əlçatanlığı ilə bağlı problemlər diqqət çəkir. Portuqaliyada bu göstərici 12,6, Fransada 11,8, Lüksemburqda 11,5, Almaniyada isə 10,7-dir ki, bu da ABŞ-dakı göstəricidən xeyli yüksəkdir.
Ekspertlər bildirirlər ki, mənzil əlçatanlığına əsas təsir göstərən amil ölkənin ümumi rifah səviyyəsi deyil, ev qiymətlərinin əhalinin gəlirləri ilə müqayisədə hansı sürətlə dəyişməsidir. Bir sıra inkişaf etmiş ölkələrdə mənzil qiymətlərinin əməkhaqqından daha sürətlə artması ev sahibi olmağı çətinləşdirir. Eyni zamanda, bəzi inkişaf etməkdə olan ölkələrdə gəlirlər aşağı olsa da, mənzil qiymətlərinin nisbətən münasib olması əlçatanlığı artırır.
MONETAR.AZ