Dünyanın ən çox qazanan rejissorları

Dünyanın ən çox qazanan

Kino tarixində filmləri qlobal prokatdan ən çox gəlir əldə edən rejissorların yeni reytinqi açıqlanıb. Siyahıya 10,7 milyard ABŞ dolları ümumi kassa gəliri ilə amerikalı rejissor Stiven Spilberq başçılıq edir.

Statista-nın 2026-cı ilin yanvar ayına aid məlumatları əsasında hazırlanan reytinqdə rejissorların bütün filmlərinin dünya üzrə kassa gəlirləri nəzərə alınıb. 2026-cı ildə nümayişə çıxan və prokatı hələ yekunlaşmayan filmlər hesablamaya daxil edilməyib.

Reytinqdə ikinci yeri cəmi 10 bədii filmə imza atmasına baxmayaraq, 9,8 milyard dollar gəlirlə Ceyms Kemeron tutur. Onun "Avatar" və "Titanik" filmləri dünya kinosunun ən gəlirli ekran əsərləri sırasında yer alır.

İlk beşliyi 6,8 milyard dollarla Russo qardaşları, 6,6 milyard dollarla Piter Cekson və 6,5 milyard dollarla Maykl Bey tamamlayır.

Siyahıda həmçinin Devid Yeyts, Kristofer Nolan, Ridli Skott, Tim Börton, C.C. Abrams, Robert Zemekis, Con Favro, Ron Hovard, Sem Reymi, Kris Reno, Ceyms Van, Kris Kolumbus, Şon Levi, Roland Emmerix və Con Uotts da yer alıblar.

Araşdırmaya görə, siyahıda yer alan rejissorların əksəriyyəti ən böyük kommersiya uğurlarını məşhur film franşizaları sayəsində qazanıblar. Bunlara "Marvel", "Harri Potter", "Ulduz müharibələri", "Transformerlər", "Üzüklərin hökmdarı", "Yura parkı" və "Avatar" kimi ekran seriyaları daxildir.

Mütəxəssislər qeyd edirlər ki, Stiven Spilberqin 1993-cü ildə çəkdiyi "Yura parkı" onun ən gəlirli filmi olaraq 1 milyard ABŞ dollarından çox gəlir əldə edib. Həmin il rejissorun ekranlaşdırdığı "Şindlerin siyahısı" filmi isə yeddi "Oskar" mükafatına layiq görülərək həm kommersiya, həm də bədii baxımdan böyük uğur qazanıb.

MONETAR.AZ