2026-cı ilin yanvar-iyun ayları üzrə qida, içki və tütün məhsullarının istehsal göstəriciləri ilə anbar ehtiyatlarının müqayisəsi müxtəlif sahələrdə fərqli vəziyyətin olduğunu göstərir. Məlumatlara əsasən, bəzi məhsul növləri üzrə istehsal həcmi artdığı halda, bəzi sahələrdə hazır məhsul ehtiyatları yüksək olaraq qalır. Digər tərəfdən, gündəlik istehlak olunan və tez xarab olan məhsullarda anbar qalığı minimum səviyyədə saxlanılır.
Spirtli içki istehsalında hazır məhsul ehtiyatlarının daha yüksək olduğu görünür. 2026-cı ilin ilk yarısında viski və brendi istehsalı 159,3 min dekalitr təşkil edib. İyulun 1-nə isə müəssisələrin anbarlarında 399,5 min dekalitr hazır məhsul olub. Bu göstərici istehsal həcmini əhəmiyyətli dərəcədə üstələyir.
Üzüm şərabı üzrə də oxşar vəziyyət müşahidə olunur. 6 ay ərzində 292,3 min dekalitr şərab istehsal edilib, anbarlarda isə 610,4 min dekalitr hazır məhsul ehtiyatı yaranıb.
Mütəxəssislərin fikrincə, bu sahələrdə ehtiyatların çox olması məhsulların uzun müddət saxlanılması xüsusiyyəti ilə yanaşı, satış və ixrac imkanlarından da asılıdır.
Tez xarab olan qida məhsullarında isə hazır məhsul qalığı çox aşağıdır. Qaymaq və xama istehsalında 6 ay ərzində 5 061,6 ton məhsul istehsal olunub, anbar ehtiyatı isə cəmi 0,9 ton təşkil edib.
Kolbasa məmulatları üzrə istehsal 16 680,8 ton olduğu halda, hazır məhsul ehtiyatı 19,6 ton olub. Kərə yağı istehsalı 11 932,8 ton, anbar qalığı isə 14,5 ton təşkil edib.
Bu göstəricilər həmin məhsullar üzrə istehsalın əsasən cari tələbat əsasında həyata keçirildiyini göstərir.
Bir sıra məhsullarda həm istehsal artımı, həm də kifayət qədər balanslı anbar ehtiyatı qeydə alınıb.
Duru bitki yağlarının istehsalı ilin ilk yarısında 25 342 ton olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artım deməkdir. Anbarlarda isə 2 602,3 ton hazır məhsul saxlanılıb.
Şəkər və qənd istehsalı daha yüksək artım göstərib. Bu məhsullar üzrə istehsal 221,5 min ton təşkil edib və illik müqayisədə 35,1 faiz artıb. Anbar ehtiyatı isə 12,1 min ton olub.
Siqaret istehsalında da artım qeydə alınıb. Yanvar-iyun aylarında 8,7 milyard ədəd siqaret istehsal olunub ki, bu da ötən ilin eyni dövründən 18,7 faiz çoxdur. İyulun 1-nə anbarlarda 1,15 milyard ədəd hazır məhsul olub.
Ümumilikdə, göstəricilər Azərbaycan qida, içki və tütün sənayesində məhsul növündən asılı olaraq fərqli ehtiyat səviyyələrinin formalaşdığını göstərir.
Gündəlik tələbat məhsullarında istehsal və satış arasında daha sürətli dövriyyə müşahidə olunur. Uzunmüddətli saxlanılan məhsullarda isə anbar ehtiyatları daha yüksək olur. Sənaye müəssisələri üçün əsas məsələ istehsal həcmi ilə bazarın tələbatı arasında uyğunluğun qorunması, artıq ehtiyatların və əlavə xərclərin qarşısının alınmasıdır.
MONETAR.AZ