Bu həftənin əsas iqtisadi gündəliyi 

Bu həftənin əsas

Bu həftə qlobal bazarların diqqət mərkəzində ABŞ-İran münasibətləri, aparıcı mərkəzi bankların qərarları, ikinci rüb üzrə makroiqtisadi göstəricilər və dünyanın ən iri şirkətlərinin maliyyə hesabatları olacaq.

ABŞ və İran arasında danışıqların bərpa olunacağına dair siqnallar fonunda regionda davam edən hücumlar və mühüm dəniz marşrutlarında gəmilərə qarşı məhdudiyyətlər enerji qiymətlərini və inflyasiya risklərini artırmaqda davam edir.

ABŞ-da investorların əsas diqqəti Federal Ehtiyat Sisteminin (FED) iyul ayı üzrə faiz qərarına yönələcək. Bazar iştirakçıları tənzimləyicinin uçot dərəcəsini dəyişməz saxlayacağını gözləyirlər. Bununla yanaşı, ölkədə ikinci rüb üzrə ÜDM-in ilkin göstəricisi, şəxsi gəlir və xərclər, PCE inflyasiya indeksi, uzunmüddətli istifadə malları sifarişləri, istehlakçı inamı, məşğulluq xərcləri və xarici ticarət statistikası açıqlanacaq.

ABŞ-da ikinci rüb üzrə maliyyə hesabatı mövsümü də sürətlənəcək. "Microsoft" və "Meta" iyulun 29-da, "Amazon" və "Apple" isə iyulun 30-da rüblük nəticələrini açıqlayacaq. Həftə ərzində "Visa", "Mastercard", "Boeing", "Exxon Mobil", "Chevron", "Qualcomm", "Starbucks", "Ford Motor Company" və "PayPal" da maliyyə göstəricilərini təqdim edəcəklər.

Avropada diqqət İngiltərə Bankının pul siyasəti iclasına yönələcək. Tənzimləyicinin baza faiz dərəcəsini 3,75 faiz səviyyəsində saxlayacağı gözlənilir. İnvestorlar gələcək faiz siyasətinə dair veriləcək siqnalları da yaxından izləyəcəklər.

Avrozonada ikinci rüb üzrə ÜDM-in, iyul ayı üzrə ilkin inflyasiya və işsizlik göstəricilərinin açıqlanması nəzərdə tutulur. İqtisadiyyatın rüblük 0,2 faiz artacağı proqnozlaşdırılır. Almaniyada isə Ifo Biznes İqlimi İndeksinin üçüncü ay ardıcıl yaxşılaşacağı gözlənilir.

Asiya-Sakit okean regionunda əsas hadisələrdən biri Yaponiya Bankının faiz qərarı olacaq. Tənzimləyicinin iyunda həyata keçirdiyi faiz artımından sonra bu dəfə uçot dərəcəsini dəyişməz saxlayacağı gözlənilir.

Çində isə iyul ayı üzrə Kommunist Partiyasının Siyasi Bürosunun (Politbüro) iclası keçiriləcək. Toplantıda ilin ikinci yarısı üçün iqtisadi siyasətin əsas istiqamətlərinin müəyyənləşdirilməsi gözlənilir. Eyni zamanda, ölkədə iyul ayı üzrə PMI indeksləri və sənaye mənfəəti statistikası açıqlanacaq.

Avstraliyada inflyasiya, tikinti icazələri və istehsalçı qiymətləri, Sinqapurda isə pul siyasəti qərarı investorların diqqətində olacaq. Həmçinin Honq-Konq, Cənubi Koreya və Filippində ticarət statistikası, Pakistanda isə mərkəzi bankın faiz qərarı açıqlanacaq.

Korporativ sektorda "Samsung", "Mahindra & Mahindra" və "Mizuho Financial" da ikinci rüb üzrə maliyyə nəticələrini təqdim edəcək.

MONETAR.AZ