Üzgüçülük dünyada geniş yayılmış məşğuliyyət deyilmiş

Üzgüçülük dünyada geniş yayılmış

Yay aylarında dənizdə və ya hovuzda üzmək milyonlarla insanın sevimli istirahət növlərindən biri olsa da, yeni araşdırma göstərir ki, ilboyu müntəzəm üzənlərin sayı əksər ölkələrdə kifayət qədər azdır.

Statista Consumer Insights platformasının məlumatına görə, sorğu keçirilən ölkələrin əksəriyyətində respondentlərin cəmi 10 faizə yaxını üzgüçülük və ya suya tullanma ilə ən azı arabir məşğul olduqlarını bildiriblər. Bu göstərici xüsusilə Cənubi Koreya və Yaponiyada aşağı olub. Belə ki, Cənubi Koreyada respondentlərin yalnız 6 faizi, Yaponiyada isə cəmi 2 faizi vaxtaşırı üzdüyünü qeyd edib.

Mütəxəssislər bildirirlər ki, üzgüçülük təkcə fiziki hazırlığın qorunması üçün deyil, həm də insanların həyatını xilas edə biləcək vacib bacarıqdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, təşkilata üzv ölkələrin dörddəbirindən də azında üzgüçülük və suda təhlükəsizlik üzrə təlimlər milli məktəb proqramlarına daxil edilib.

ÜST boğulma hallarının qarşısının alınması üçün üzgüçülük bacarıqlarının öyrədilməsi ilə yanaşı, çimərlik və su hövzələrində xilasedici xidmətlərin təşkili, hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sistemlərinin yaradılması, ilk yardım xidmətlərinin gücləndirilməsi və daşqın riskinin azaldılmasına yönəlmiş icma proqramlarının həyata keçirilməsini tövsiyə edir.

Bundan əlavə, təşkilat xilasedici jiletlərdən istifadənin məcburi edilməsi, hovuzların təhlükəsizlik hasarları ilə təmin olunması, həmçinin ictimai su hövzələrinin yaxınlığında alkoqol satışına və istehlakına məhdudiyyətlərin tətbiqinin də boğulma hallarının azalmasına töhfə verə biləcəyini vurğulayır.

MONETAR.AZ