Nvidia OpenAI üçün 250 milyard dollarlıq zəmanəti müzakirə edir

Nvidia OpenAI üçün 250 milyard dollarlıq zəmanəti

Nvidia ABŞ-ın Ohayo ştatında inşa ediləcək nəhəng məlumat mərkəzi layihəsi çərçivəsində OpenAI üçün təxminən 250 milyard dollar məbləğində maliyyə zəmanəti təqdim etməyi müzakirə edir. The Wall Street Journal-ın məlumatına görə, reallaşacağı təqdirdə bu, süni intellekt sektorunun tarixində ən iri maliyyə sövdələşmələrindən biri olacaq.

Məsələ ilə tanış mənbələrə istinadən bildirilir ki, zəmanət OpenAI-ın SoftBank-ın energetika bölməsi SB Energy tərəfindən Ohayo ştatının cənubunda inşa edilən 10 giqavat gücündə məlumat mərkəzi kampusunu uzunmüddətli icarəyə götürməsini asanlaşdıracaq. Layihənin Nvidia çipləri ilə təchiz olunması da nəzərə alınmaqla ümumi dəyərinin 500 milyard dolları ötəcəyi ehtimal edilir.

Qəzet yazır ki, Nvidia-nın təqdim edəcəyi maliyyə zəmanəti OpenAI-ın investisiya səviyyəli kredit reytinqinə malik olmaması səbəbindən kreditorların narahatlığını azaltmağa xidmət edəcək. Bu isə şirkətə tikinti və icarə layihəsi üçün daha əlverişli şərtlərlə borc maliyyələşdirilməsi cəlb etməyə imkan verə bilər.

Məlumata görə, nəzərdə tutulan zəmanət yalnız məlumat mərkəzinin tikintisi və icarəsinin maliyyələşdirilməsini əhatə edəcək. Nvidia istehsalı olan süni intellekt çiplərinin alınması isə bu mexanizmə daxil edilməyəcək.

Bununla yanaşı, WSJ xəbər verir ki, Nvidia və OpenAI ayrıca çip tədarükünün maliyyələşdirilməsi ilə bağlı da danışıqlar aparırlar. Həmin sazişin həcminin təxminən 350 milyard dollar ola biləcəyi bildirilir.

Layihənin ilk mərhələsinin təxminən 800 meqavat enerji gücünü əhatə etməsi və 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Mənbələrin sözlərinə görə, danışıqlar hələ yekun mərhələyə çatmayıb və tərəflər bütün şərtlər üzrə razılıq əldə etmədiklərindən sövdələşmənin baş tutmamaq ehtimalı da qalır.

MONETAR.AZ