Neft qiymətləri 5 faizdən çox ucuzlaşıb

Neft qiymətləri 5 faizdən çox

Dünya neft bazarında yeni həftə kəskin enişlə başlayıb. ABŞ və İran arasında həftəsonu hərbi əməliyyatların dayandırılması ilə bağlı yaranan nisbi sakitlik geosiyasi risklərin azalacağına dair gözləntiləri gücləndirib və bu, neft qiymətlərinə ciddi təzyiq göstərib.

Bu gün keçirilən ticarət sessiyasında Brent markalı neftin fyuçersləri 5,5% ucuzlaşaraq bir barel üçün 91,44 dollara enib. Ticarətin ilk saatlarında etalon neftin qiyməti qısa müddət ərzində 90 dollar həddindən də aşağı düşüb.

ABŞ-ın WTI markalı xam neftinin fyuçersləri isə 3,1% dəyər itirərək 89,31 dollar səviyyəsində ticarət olunub.

Analitiklər bildirirlər ki, son günlər neft bazarında formalaşan yüksək qiymətlər əsasən Yaxın Şərqdə artan gərginlik fonunda yaranmış geosiyasi risk mükafatı ilə bağlı idi. ABŞ və İran arasında hərbi əməliyyatların müvəqqəti dayandırılması isə bazar iştirakçılarını həmin risklərin bir hissəsini qiymətlərdən çıxarmağa vadar edib.

Bununla belə, ekspertlər hesab edirlər ki, regiondakı vəziyyət hələ də kövrək olaraq qalır. ABŞ və İran arasında əldə olunan fasilənin uzunmüddətli olub-olmayacağı neft bazarının yaxın günlərdəki əsas istiqamətini müəyyən edəcək amillərdən biri olacaq.

MONETAR.AZ