Çinin "Geely" avtomobil istehsalçısı şəbəkədən doldurulan hibrid (PHEV) sedanlar arasında avtonom yürüş məsafəsinə görə yeni Ginnes Dünya Rekordu müəyyən edib. Şirkətin Geely Galaxy A7 EM modeli əlavə şarj və yanacaq doldurulması olmadan 2 608,36 kilometr məsafə qət edərək əvvəlki rekordu geridə qoyub.
Bununla da 2024-cü ilin dekabrından etibarən 2 369,95 kilometrlik nəticə ilə rekordu əlində saxlayan "Chery Fulwin A8L" sedanı liderliyini itirib.
Rekord yürüş Çinin Deçen-Tibet Muxtar Dairəsində yerləşən Şanqri-La şəhərindən Quançjou meqapolisinədək uzanan marşrut üzrə həyata keçirilib. Sınaq marşrutuna dağ serpantinləri, yüksək sürətli magistrallar və sıx şəhər yolları daxil olub ki, bu da avtomobilin müxtəlif yol şəraitində səmərəliliyini nümayiş etdirməyə imkan verib.
"Geely Galaxy A7 EM" şirkətin EM AI Super Hybrid 2.0 hibrid sistemi ilə təchiz edilib. İstehsalçının məlumatına görə, modeldə istifadə olunan benzin mühərriki 47,26% termal faydalı iş əmsalı ilə seriyalı avtomobillər arasında dünyanın ən yüksək göstəricilərindən birinə malikdir.
Mühərrik enerji səmərəliliyi 93,1% olan "11-i 1-də" hibrid transmissiya ilə birlikdə işləyir. Şirkət bildirir ki, süni intellekt alqoritmləri ilə idarə olunan enerji sistemi yanacaq sərfiyyatını əlavə olaraq 15% azaltmağa imkan verir.
Avtomobildə quraşdırılan 28,3 kVt-saat tutumlu Aegis Golden Brick batareyası tam elektrik rejimində 235 kilometrədək yürüş ehtiyatı təmin edir. 75 kVt gücündə sabit cərəyan (DC) sürətli enerji doldurma sistemi vasitəsilə batareyanın enerji səviyyəsini cəmi 15 dəqiqəyə 30%-dən 80%-ə çatdırmaq mümkündür.
"Geely" daha əvvəl də bu modelin müxtəlif ekstremal sınaqlarda yüksək nəticələr göstərdiyini vurğulayıb. Belə ki, sedan 39°C-yə çatan isti hava şəraitində əlavə yanacaq doldurmadan 2 150,1 kilometr, Şimal Qütb Dairəsindən kənarda keçirilən testlər zamanı isə 1 000 kilometrdən çox məsafə qət edib.
Yeni rekord "Geely"nin hibrid texnologiyaları sahəsində iddiasını gücləndirməklə yanaşı, Çin avtomobil istehsalçıları arasında uzunmənzilli PHEV modelləri üzrə rəqabətin də sürətlə artdığını göstərir.
MONETAR.AZ