Prezident müəllimlərin geyimi ilə bağlı qanun dəyişikliyini təsdiqləyib

Prezident müəllimlərin geyimi ilə bağlı

Prezident müəllimlərin geyimi ilə bağlı qanun dəyişikliyini təsdiqləyib

Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər üçün geyimlə bağlı vahid tələblər müəyyən ediləcək. Həmin tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

Qanuna edilən dəyişiklik valideynlərin və digər qanuni nümayəndələrin vəzifələrinə də yeni müddəa əlavə edir. Belə ki, onlar dövlət ümumi təhsil müəssisələrində təhsil alan övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) məktəbdə müəyyən edilmiş geyim forması tələblərinə riayət etməsini təmin etməlidirlər.

Qanunun tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinə iki ay müddətində dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiq etmək və bu barədə Prezidentə məlumat vermək tapşırılıb.

Qəbul edilən dəyişiklik dövlət ümumi təhsil müəssisələrində müəllimlərin geyimi ilə bağlı vahid yanaşmanın formalaşdırılmasını nəzərdə tutur.