Macarıstan Mərkəzi Bankının faiz endirimindən sonra forint zəifləyib

Macarıstan Mərkəzi Bankının faiz endirimindən sonra

Macarıstan Mərkəzi Bankının uçot dərəcəsini azaltması və pul-kredit siyasətinin gələcəkdə daha da yumşaldılacağına işarə verməsindən sonra ölkənin milli valyutası olan forint bugün dəyər itirib.

Bakı vaxtı ilə saat 12:33-ə olan məlumata görə, forint avroya qarşı 0,5% ucuzlaşaraq 363,70 səviyyəsində ticarət olunub. Mərkəzi Avropanın digər əsas valyutalarında isə sessiya ərzində əhəmiyyətli dəyişiklik qeydə alınmayıb.

Macarıstan Mərkəzi Bankı çərşənbə axşamı keçirilən iclasda uçot dərəcəsini 25 bazis bəndi azaldaraq 5,75%-ə endirib. Qərar tənzimləyicinin iyun ayında açıqladığı istiqamətləndirməyə uyğun olub. Mərkəzi Bank bildirib ki, iqtisadi şəraitdən asılı olaraq pul-kredit siyasətinin daha da yumşaldılması imkanları açıq qalır.

Beləliklə, tənzimləyici cari il ərzində uçot dərəcəsini ümumilikdə 75 bazis bəndi aşağı salıb.

"Goldman Sachs" analitikləri hesab edirlər ki, Mərkəzi Bankın son açıqlamaları avqust ayında növbəti faiz endiriminin baş verməsi ehtimalını artırır. İnvestisiya bankının qiymətləndirməsinə görə, makroiqtisadi şəraitdə kəskin pisləşmə baş vermədiyi təqdirdə, Macarıstan Mərkəzi Bankının Pul-Kredit Siyasəti Komitəsi faiz dərəcələrinin mərhələli şəkildə azaldılmasını davam etdirə bilər.

MONETAR.AZ