Yuanın məzənnəsi niyə Avropada narahatlıq yaradır?

Yuanın məzənnəsi niyə Avropada

Yuanın məzənnəsi Çin ilə Avropa İttifaqı (Aİ) arasında iqtisadi münasibətlərdə əsas mübahisə mövzularından birinə çevrilib. Aİ-də bir sıra siyasətçilər və iqtisadçılar hesab edirlər ki, Çin yuanı süni şəkildə aşağı məzənnədə saxlayır və bu, Avropa ilə Çin arasında getdikcə böyüyən ticarət kəsirini dərinləşdirən əsas amillərdən biridir. "Bloomberg"in yazdığına görə, iyul ayında Aİ-nin Çinlə gündəlik orta ticarət kəsiri təxminən 1,1 milyard ABŞ dolları təşkil edib.

Son 12 ay ərzində yuan avroya qarşı təxminən 9% möhkəmlənsə də, valyuta hələ də 2015-ci ildə qeydə alınmış maksimum səviyyəsindən xeyli aşağıdır. Avropa istehsalçıları ucuz Çin məhsulları ilə rəqabətin getdikcə çətinləşdiyini bildirirlər. Bu səbəbdən Aİ-də yuanın 20–30% möhkəmlənməsinə imkan verilməsinin rəqabət şəraitini daha balanslı edə biləcəyi fikri getdikcə daha çox səsləndirilir. Tərəflər ticarət mübahisələrinin həlli istiqamətində irəliləyiş əldə etmək üçün oktyabr ayını əsas vaxt çərçivəsi kimi müəyyən ediblər.

Yuan həqiqətən də aşağı qiymətləndirilibmi?

Nominal ifadədə yuan son illərdə möhkəmlənərək iyun ayında Beynəlxalq Hesablaşmalar Bankının (BIS) effektiv məzənnə indeksində rekord səviyyəyə yüksəlib. Lakin real effektiv məzənnə (REER) baxımından beynəlxalq maliyyə institutlarının əksəriyyəti valyutanın hələ də aşağı qiymətləndirildiyini hesab edir.

Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ildə yuanın real effektiv məzənnəsinin 12–20% aşağı qiymətləndirildiyini bildirib. ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmisi Bred Setser bu göstəricinin 20%-dən çox ola biləcəyini qeyd edib. "Deutsche Bank", "Goldman Sachs" və "Bank of America" analitikləri isə müxtəlif qiymətləndirmə modellərinə əsasən yuanın 10–20% intervalında aşağı qiymətləndirildiyini hesab edirlər.

Bununla yanaşı, Çin iqtisadçılarının əhəmiyyətli hissəsi bu yanaşma ilə razılaşmır. Onların fikrincə, mövcud modellər ticarət profisitinin rolunu həddindən artıq şişirdir, kapital axınlarının və daxili iqtisadi amillərin təsirini isə kifayət qədər nəzərə almır.

Çin məzənnəni necə idarə edir?

Çin idarə olunan üzən məzənnə (managed float) rejimindən istifadə edir. Çin Xalq Bankı (PBOC) hər gün yuan üçün mərkəzi istinad məzənnəsi müəyyən edir və bazar iştirakçılarına həmin göstəricidən maksimum ±2% kənara çıxmağa icazə verilir.

Mərkəzi Bank valyuta bazarına müxtəlif alətlərlə təsir göstərir. Bunlara banklar üçün valyuta ehtiyatı normalarının dəyişdirilməsi, eləcə də dövlət bankları vasitəsilə dolların alqı və satqısı daxildir. 2022–2023-cü illərdə PBOC yuanın həddindən artıq zəifləməsinin qarşısını almaq üçün bazara aktiv müdaxilə edib. 2026-cı ilin əvvəlindən isə valyutanın möhkəmlənməsi fonunda dəstək tədbirlərinin bir hissəsi yumşaldılıb.

Lakin məzənnə siyasətinin tam şəffaf olmaması Pekinin ixracı stimullaşdırmaq məqsədilə yuanı məqsədli şəkildə zəif saxladığı barədə iddiaları gücləndirir. Çin Mərkəzi Bankı isə bu ittihamları rədd edir.

Avropa niyə narahatdır?

İqtisadi baxımdan zəif valyuta ölkənin ixrac məhsullarını xarici bazarlarda daha rəqabətqabiliyyətli edir, idxalı isə bahalaşdırır. Bu da ticarət profisitinin artmasına şərait yaradır.

Çinin Aİ ilə ticarət profisiti iyun ayında Çin gömrüyünün məlumatına əsasən 32,9 milyard ABŞ dolları ilə rekord həddə çatıb. Avropa daxilində ən böyük ticarət kəsiri Almaniyanın payına düşür və ötən il bu göstərici təxminən 95 milyard avro olub. Xüsusilə Almaniyanın avtomobil və maşınqayırma sənayesi Çin istehsalçıları ilə rəqabət təzyiqinin artdığını bildirir.

Pandemiya dövründə Çinin ticarət profisiti daha da genişlənib. Sonradan ABŞ tərəfindən tətbiq olunan tariflər Çin ixracatçılarının məhsullarını daha çox Avropa və Cənub-Şərqi Asiya bazarlarına yönəltməsinə səbəb olub.

Avropada hansı variantlar müzakirə olunur?

Bir sıra siyasətçilər hesab edirlər ki, yuanın möhkəmlənməsi Çin istehsalçılarının qiymət üstünlüyünü zəiflədə bilər. Bununla belə, bir çox iqtisadçılar valyuta məzənnəsinin dəyişməsinin təkbaşına Avropanın rəqabət qabiliyyəti problemini həll etməyəcəyini vurğulayırlar.

Fransa hökuməti yanında fəaliyyət göstərən Məsləhət Şurası iki əsas variant irəli sürüb: Çindən idxala 30%-lik vahid gömrük rüsumu tətbiq edilməsi və ya avronun yuan qarşısında 20–30% zəifləməsinə nail olunması.

Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron Pekinlə dialoqun genişləndirilməsini dəstəkləyirlər. Merts 1985-ci ildə imzalanmış Plaza Sazişi nümunəsini xatırladaraq beynəlxalq valyuta koordinasiyası ideyasını gündəmə gətirib. Həmin saziş çərçivəsində ABŞ, Yaponiya, Almaniya, Fransa və Böyük Britaniya dolların koordinasiyalı şəkildə zəiflədilməsi barədə razılığa gəlmişdilər.

Bununla yanaşı, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard belə bir modelin indiki şəraitdə tətbiqini məqsədəuyğun hesab etməyərək mövcud geoiqtisadi vəziyyətin 1985-ci ildən prinsipial şəkildə fərqləndiyini bildirib.

Aİ eyni zamanda genişmiqyaslı ticarət qarşıdurmasının dərinləşməsindən çəkinir. Pekin dəfələrlə cavab tədbirləri görəcəyini bəyan edib və ötən il ABŞ tariflərinə cavab olaraq nadir torpaq elementlərinin ixracına nəzarəti sərtləşdirib. Bu addım bir sıra Avropa sənaye müəssisələrinin istehsalında fasilələrə səbəb olmuşdu.

Pekinin mövqeyi necədir?

Çində bəzi iqtisadçılar və keçmiş Mərkəzi Bank rəsmiləri hesab edirlər ki, daha güclü yuan ölkənin ixracyönümlü inkişaf modelindən tədricən uzaqlaşmasına, daxili istehlakın və əhalinin alıcılıq qabiliyyətinin artmasına kömək edə bilər.

İyulun ortalarında Çin Xalq Bankı yuanın gündəlik istinad məzənnəsini 2023-cü ildən bəri ən yüksək səviyyədə müəyyən edib. Bu addım Pekinin valyutanın tədricən möhkəmlənməsinə etiraz etmədiyini göstərsə də, kəskin bahalaşmaya və ya "Plaza Sazişi" tipli beynəlxalq razılaşmaya qoşulmaq niyyətində olmadığını nümayiş etdirir.

Bu yanaşmanın əsas səbəblərindən biri Yaponiyanın təcrübəsidir. Çində geniş yayılmış fikrə görə, Plaza Sazişindən sonra yenanın sürətlə bahalaşması aktiv bazarlarında köpük yaranmasına və uzunmüddətli iqtisadi durğunluğa gətirib çıxarmışdı.

Aİ bu məsələdə tək deyil

ABŞ da uzun illərdir Çin valyuta siyasətini tənqid edir. Prezident Donald Trampın ilk prezidentlik dövründə Vaşinqton Çini qısa müddət ərzində "valyuta manipulyatoru" elan etmişdi.

Bu ilin yanvar ayında ABŞ Maliyyə Nazirliyi yuanın əhəmiyyətli dərəcədə aşağı qiymətləndirildiyini bildirib və Pekini valyutanın "vaxtında və nizamlı şəkildə" möhkəmlənməsinə imkan verməyə çağırıb. Bununla belə, Vaşinqton hazırkı mərhələdə Çini rəsmi şəkildə yenidən "valyuta manipulyatoru" kimi tanımayıb və bunun üçün əlavə sübutların tələb olunduğunu qeyd edib.

MONETAR.AZ