"Neftçi" və "Qarabağ" futbol klublarının UEFA avrokubokları çərçivəsində keçirəcəyi oyunlarla əlaqədar Bakı metropoliteni iki gün ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Məlumata əsasən, bu gün "Neftçi" ilə Belarusun "Dinamo" klubu arasında keçiriləcək qarşılaşma səbəbindən "8-ci kilometr" stadionuna yaxın yerləşən "Xalqlar dostluğu" stansiyasında təhlükəsizlik tədbirləri gücləndiriləcək, sərnişin axınının operativ idarə olunması üçün əlavə təşkilati tədbirlər görüləcək.
Sabah isə Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – MOİK (Bolqarıstan) oyunu ilə əlaqədar "Gənclik", "28 May" və "Nəriman Nərimanov" stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
Qeyd olunub ki, ehtiyat qatarlar zərurət yaranacağı halda xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Hər iki oyundan sonra sərnişin sıxlığı nəzərə alınaraq, ehtiyac yaranacağı təqdirdə metropolitenin digər stansiyalarında da qatarların hərəkət qrafikinə operativ dəyişikliklər ediləcək.
Bakı Metropoliteni azarkeşlərə və digər sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı, stansiyalarda təhlükəsizlik əməkdaşlarının göstərişlərinə əməl etməyi tövsiyə edir.