Azərbaycan və Gürcüstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında elektron icazə (E-Permit) sisteminin tətbiqinə başlanılıb. Yeni sistem yükdaşımalarının rəqəmsallaşdırılması, icazələrin əldə olunmasının sadələşdirilməsi və sərhədkeçmə prosedurlarının daha səmərəli təşkili məqsədi daşıyır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, bununla bağlı razılıq cari ilin 8–9 aprel tarixlərində Bakıda keçirilən Azərbaycan–Gürcüstan Beynəlxalq Avtomobil Əlaqələri üzrə Qarışıq Komissiyanın iclasında əldə olunub. Razılaşmaya əsasən, hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət işçi qrup 1 may tarixindən etibarən sistemlərin inteqrasiyası üzrə texniki işlərə başlayıb və proses uğurla başa çatdırılıb.
İnteqrasiya tamamlandıqdan sonra tərəflər arasında elektron icazə blanklarından istifadə edilməklə ilk pilot yükdaşımaları həyata keçirilib. Pilot mərhələsinin uğurla yekunlaşmasının ardından sistemin tam tətbiqinə keçid məqsədilə Azərbaycan və Gürcüstan arasında ilkin mərhələdə 1 000 ikitərəfli, 1 000 tranzit və 1 000 üçüncü ölkə elektron icazə blankı mübadilə olunub. Hazırda həmin elektron icazələr daşıyıcılara təqdim edilir.
Beləliklə, Gürcüstan Azərbaycanın E-Permit sistemini tətbiq etdiyi beşinci ölkə olub. Bundan əvvəl elektron icazə mexanizmi Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanla uğurla tətbiq edilib.
Daşıyıcılar AYNA-nın elektron xidmətlər portalı vasitəsilə icazə blanklarını günün 24 saatı, həftənin 7 günü, olduqları yeri tərk etmədən tam avtomatlaşdırılmış qaydada əldə edə bilirlər.
Yeni sistem beynəlxalq yükdaşımalarında inzibati prosedurların sadələşdirilməsinə, kağız sənəd dövriyyəsinin azaldılmasına, icazələrin verilmə prosesinin operativliyinin artırılmasına və nəqliyyat sektorunda rəqəmsallaşmanın daha da genişlənməsinə mühüm töhfə verəcək.