"Apple" istifadəçilərə iPhone və digər məşhur cihazlarını uzunmüddətli icarə əsasında əldə etmək imkanı verən yeni Apple Upgrade proqramını istifadəyə verməyə hazırlaşır. "Bloomberg" agentliyinin məlumatına görə, xidmətin 28 iyul tarixində fəaliyyətə başlaması planlaşdırılır.
Yeni proqram çərçivəsində istifadəçilər müxtəlif iPhone modelləri ilə yanaşı, Mac, iPad və Apple Watch cihazlarını da 2–3 il müddətinə lizinq əsasında əldə edə biləcəklər. Xidmət abunə modeli üzrə işləyəcək və müştərilərə aylıq ödəniş etməklə yanaşı, istədikləri halda cihazın dəyərini vaxtından əvvəl tam ödəyərək onu şəxsi mülkiyyətlərinə keçirmək imkanı verəcək.
Mənbələrin bildirdiyinə görə, proqram ilkin mərhələdə ən azı ABŞ bazarında istifadəyə veriləcək. Layihənin maliyyə tərəfdaşı isə İsveçin Klarna Group şirkəti olacaq. Xəbərin açıqlanmasından sonra Klarna səhmləri təxminən 11% bahalaşıb.
"Apple" yeni xidməti istehlakçılar üçün cihazların əldə edilməsini daha əlçatan etmək məqsədi daşıyan həll kimi təqdim etməyi planlaşdırır. Şirkət hesab edir ki, aylıq ödəniş modelindən istifadə yüksək qiymətli cihazların alınması zamanı maliyyə yükünü azalda bilər.
Yeni proqramın təqdimatı "Apple"ın yaddaş çiplərinin qıtlığı səbəbindən bəzi məhsullarının, o cümlədən noutbuklar, planşetlər və ağıllı ev cihazlarının qiymətlərini artırmasından qısa müddət sonra baş verir.
Qeyd edək ki, "Apple" daha əvvəl iPhone və digər məhsullar üçün özünəməxsus abunə xidmətinin yaradılmasını nəzərdən keçirsə də, şirkət 2024-cü ildə həmin layihədən imtina etmişdi. Yeni Apple Upgrade proqramı isə bu istiqamətdə yenidən bazara çıxmaq cəhdi kimi qiymətləndirilir.
MONETAR.AZ