"OpenAI" şirkətinin "GPT-5.6 Sol" adlı süni intellekt modeli riyaziyyatda yarım əsrdən artıq müddətdə həllini gözləyən "Dövrlərlə İkiqat Örtülmə" (Cycle Double Cover Conjecture) hipotezi üçün elmi sübut hazırlayıb. Bu barədə "Scientific American" jurnalı məlumat yayıb.
Şirkətin açıqlamasına görə, nəticə modelin yeni versiyasının təqdimatı ilə eyni vaxtda əldə edilib. Hipotez qraflar nəzəriyyəsinə aiddir. Bu sahə təpələr (nöqtələr) və onları birləşdirən tillərdən (xətlərdən) ibarət strukturları öyrənən riyaziyyat bölməsidir.
1970-ci illərdə irəli sürülən hipotezə əsasən, müəyyən qraf siniflərini elə dövrlər (tsikllər) toplusu ilə örtmək mümkündür ki, hər bir til dəqiq iki qapalı konturun tərkibinə daxil olsun. İndiyədək alimlər bu fərziyyəni yalnız bəzi xüsusi qraf növləri üçün sübut edə bilmiş, ümumi həll isə açıq problem olaraq qalmışdı.
"OpenAI" bildirir ki, "GPT-5.6 Sol" modeli istənilən uyğun qrafın maksimum səkkiz xüsusi seçilmiş dövr vasitəsilə örtülə biləcəyini göstərən ümumi sübut hazırlayıb.
Prinston Universitetinin riyaziyyatçısı Noqa Alon bu nəticənin süni intellektin elmi araşdırmalardakı rolunun sürətlə artdığını nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, belə sistemlər artıq uzun müddət mütəxəssislərin intensiv araşdırmalar tələb edən problemlərinin həllində etibarlı köməkçiyə çevrilməkdədir.
Şirkətin məlumatına görə, sübutun əldə olunması üçün qeyri-adi yanaşmadan istifadə edilib. Tapşırıq paralel işləyən 64 süni intellekt agenti arasında bölüşdürülüb və modelə problem ilk baxışdan həllolunmaz görünsə belə, axtarışı dayandırmamaq tapşırılıb. Tədqiqat prosesinə ən azı səkkiz saat vaxt ayrılması tövsiyə olunub.
Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Endryu Sazerlend hesab edir ki, bu cür elmi nəticələr gələcəkdə daha tez-tez əldə oluna bilər. Onun fikrincə, bir çox riyazi problemlər həddindən artıq çətin olduqları üçün deyil, kifayət qədər yeni yanaşmalar tətbiq edilmədiyi üçün açıq qalır. Böyük dil modelləri isə mövcud metodları birləşdirərək uzun illərdir araşdırılan məsələlərə fərqli baxış gətirmək potensialına malikdir.
MONETAR.AZ