200-dən çox iqtisadçı və süni intellekt üzrə ekspertdən həyəcanlı çağırış

200-dən çox iqtisadçı və süni intellekt üzrə ekspertdən

200-dən çox iqtisadçı və süni intellekt üzrə mütəxəssis süni intellektin iqtisadiyyatda görünməmiş dəyişikliklər yarada biləcəyini bildirərək, məşğulluğun qorunması və texnologiyanın cəmiyyətin rifahına xidmət etməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinə çağırıb.

MONETAR.AZ xəbər verir ki, yayılan açıq məktub Nobel mükafatı laureatı olan 16 alim də daxil olmaqla 200-dən çox iqtisadçı, akademik və süni intellekt tədqiqatçısı tərəfindən imzalanıb. Sənədə, həmçinin Google, OpenAIAnthropic şirkətlərinin bəzi rəhbərləri də qoşulublar.

Məktubda qeyd olunur ki, süni intellekt yaxın on il ərzində əhəmiyyətli dərəcədə güclənə və Sənaye İnqilabından daha böyük, lakin daha qısa müddətdə baş verəcək iqtisadi transformasiyaya səbəb ola bilər.

Müəlliflər bildirirlər ki, süni intellekt məhsuldarlığı və həyat səviyyəsini yüksəltmək potensialına malik olsa da, genişmiqyaslı iş yerlərinin ixtisarı kimi ciddi risklər də yarada bilər. Bu baxımdan texnologiyanın insan əməyini əvəz etməsindən çox onu dəstəkləməsini təmin edəcək stimulların, qoruyucu mexanizmlərin və institusional çərçivələrin formalaşdırılması vacib hesab olunur.

Açıq məktub iqtisadçılar Erik Brinolfsson, Acay Aqraval, Anton Korinek və Tom Kanninqem tərəfindən hazırlanıb. İmza atanlar arasında ABŞ Federal Ehtiyat Sisteminin (FED) süni intellektin iqtisadi təsirlərini araşdıran işçi qrupuna yeni təyin olunmuş Stanford Universitetinin professoru Çarlz İ. Cons da yer alır.