Analitik Ekspertiza Mərkəzi 105 min manatlıq hibrid avtomobil alır 

Analitik Ekspertiza Mərkəzi 105 min manatlıq

"Analitik Ekspertiza Mərkəzi" Publik Hüquqi Şəxsi yeni nəqliyyat vasitəsinin satın alınması ilə bağlı açıq tender elan edib. Tenderin ehtimal olunan qiyməti 105 min manat təşkil edir. Satınalma çərçivəsində 2026-cı il və ya daha yeni buraxılışlı, tam yeni (0 km) sedan tipli hibrid avtomobilin alınması nəzərdə tutulur.

Tender şərtlərinə əsasən, avtomobil turbo benzin mühərriki ilə tam hibrid sistemə malik olmalıdır. Mühərrikin həcmi 1,6-1,8 litr, ümumi gücü isə minimum 220 at qüvvəsi tələb olunur. Avtomobilin texniki göstəricilərinə görə, uzunluğu ən azı 4950 mm, təkər bazası isə minimum 2880 mm olmalıdır. Bundan əlavə, avtomobildə 360 dərəcə kamera sistemi, adaptiv kruiz-kontrol, kor nöqtəyə nəzarət, zolaqda saxlama sistemi, avtomatik əyləcləmə və digər müasir təhlükəsizlik funksiyaları nəzərdə tutulur.

Salon və komfort avadanlıqları arasında dəri üzlük, elektrik tənzimlənən oturacaqlar, oturacaqların isidilməsi və ventilyasiyası, panorama lyuk, premium audio sistemi, simsiz telefon şarjı və proyeksiya ekranı (HUD) kimi funksiyalar tələb olunur.

Bazarda 220 at qüvvəsindən yüksək gücə malik, tam hibrid, geniş sedan sinfinə aid yeni avtomobillərin qiymətləri marka və komplektasiyadan asılı olaraq ciddi dəyişir.

Bu səviyyədə olan Çin istehsalı premium hibrid sedanların qiymətləri təxminən 70-100 min manat aralığında, daha tanınmış brendlərin oxşar xüsusiyyətlərə malik modelləri isə 100 min manatdan yuxarı qiymətə təklif oluna bilər.

Bu spesifikasiyaya görə avtomobil böyük ehtimalla Toyota Camry Hybrid səviyyəsində və ya Çin premium hibrid sedanları (BYD, Changan, GAC və s.) kateqoriyasında bir model ola bilər. 

MONETAR.AZ