ABŞ-ın idman geyimləri istehsalçısı Nike Dünya Çempionatının final matçında təmsil olunmaması fonunda bazarda təzyiqlə üzləşib. Finala yüksələn hər iki komanda – Argentina və İspaniya – Adidas tərəfindən idman geyimləri ilə təmin olunur.
Məlumata əsasən, turnirdə ümumilikdə 14 milli komandanın rəsmi təchizatçısı olan Adidas finalda hər iki komandanı təmsil etməklə marketinq baxımından üstün mövqe qazanıb. Nike-ın sponsorluq etdiyi 12 milli komandanın, o cümlədən yarımfinalçılar İngiltərə və Fransanın heç biri finala yüksələ bilməyib.
Reuters yazır ki, Nike son illərdə bazar payının azalmasını kompensasiya etmək üçün Dünya Çempionatını satışların artırılması və brendin gücləndirilməsi baxımından mühüm fürsət hesab edirdi. Şirkətin turnir üçün hazırladığı "Rip the Script" reklam kampaniyası ilk həftə ərzində 1,5 milyard baxış toplayıb. Turnir başlamazdan əvvəl isə Nike-ın milli komandaların formalarının satışları 2022-ci il Qətər Dünya Çempionatı ilə müqayisədə 2,5 dəfə artıb.
Bununla belə, agentlik qeyd edir ki, uğurlu marketinq kampaniyası şirkətin ümumi biznes göstəricilərini dəyişmək üçün kifayət etməyib. Nike daha əvvəl açıqladığı maliyyə hesabatında Çin bazarındakı zəif tələbin və ehtiyatlı proqnozların bərpa strategiyasına mənfi təsir göstərdiyini bildirmişdi.
Reuters-in məlumatına görə, şirkətin səhmləri ilin əvvəlindən bəri təxminən üçdəbir dəyər itirib. İnvestorlar şirkətin inkişaf strategiyasının gözləniləndən daha yavaş nəticə verməsindən narahatdırlar.
Marketinq və satış göstəricilərini təhlil edən M Science araşdırma şirkətinin analitiki Dreyk MakFarleyn Reuters-ə bildirib ki, Dünya Çempionatı fonunda idman geyimləri bazarında əsas qalib Adidas olub. Onun sözlərinə görə, şirkət ABŞ və Avropa bazarlarında satışlarını artıraraq Nike hesabına bazar payını genişləndirib.
M Science-ın məlumatına əsasən, Adidas-ın idman ayaqqabısı bazarındakı payı iyun ayında ötən ilin eyni dövründəki 16 faizdən 19,2 faizə yüksəlib. Nike isə bazar payını itirməkdə davam edib.
Adidas rəhbərliyi daha əvvəl açıqlamışdı ki, Dünya Çempionatı ilə bağlı məhsullar üzrə sifarişlərin həcmi ilin birinci rübündə təxminən 250 milyon avro təşkil edib. Şirkət cari rübdə də oxşar həcmdə sifariş gözləyir.
MONETAR.AZ