ABŞ-da səhm bazarındakı yüksəlişə və inflyasiyanın zəifləməsinə baxmayaraq, əhalinin iqtisadiyyatla bağlı gözləntiləri pisləşməkdə davam edir. "CNBC All-America Economic Survey" tərəfindən keçirilən son rəy sorğusu göstərir ki, amerikalılar gündəlik yaşayış xərcləri və qiymət artımları ilə bağlı narahatlıqlarını hələ də qoruyurlar.
Ölkə üzrə 1000 yetkin vətəndaş arasında aparılan sorğunun nəticələrinə əsasən, respondentlərin 61%-i ABŞ iqtisadiyyatının həm mövcud vəziyyətini, həm də yaxın perspektivlərini mənfi qiymətləndirib. Bu, yüksək inflyasiya dövrünün təsirlərinin hələ də hiss olunduğu 2023-cü ilin dekabrından bəri ən yüksək pessimizm göstəricisi hesab olunur. Sorğu iştirakçılarının cəmi 25%-i isə iqtisadiyyatla bağlı nikbin mövqe sərgiləyib.
Respublikaçılar Partiyasına yaxın "Public Opinion Strategies" şirkətinin tərəfdaşı Mika Roberts bildirib ki, seçicilər arasında iqtisadi vəziyyətin daha da pisləşəcəyini gözləyənlərin sayı artmaqdadır. Onun sözlərinə görə, hazırda bu göstərici 41%-ə yüksəlib, yaxşılaşma gözləyənlərin payı isə 29% təşkil edir ki, bu da aralıq seçkilər öncəsi ictimai əhval-ruhiyyənin mənfi istiqamətdə dəyişdiyini göstərir.
Sorğu həmçinin istehlakçı davranışlarında qənaət meylinin gücləndiyini ortaya qoyub. Respondentlərin 47%-i qida və səhiyyə kimi əsas ehtiyaclara çəkilən xərcləri azaltdığını bildirib. Bu göstərici aprel ayı ilə müqayisədə 6 faiz bəndi artıb. Eyni zamanda, iştirakçıların təxminən üçdə ikisi restoran, əyləncə və digər qeyri-zəruri xərclərini ixtisar etdiyini qeyd edib. Bundan əlavə, amerikalılar səyahətlərə daha az vəsait ayırır və kredit kartlarından daha intensiv istifadə edirlər.
Analitiklər bildirirlər ki, bu mənzərə neft və benzin qiymətlərində son aylarda müşahidə olunan ucuzlaşma, eləcə də pərakəndə satışların sabit artımı ilə tam uzlaşmır. Onların fikrincə, ümumi iqtisadi göstəricilər yüksək gəlirli əhali qrupunun xərcləri hesabına müsbət görünür.
Sorğunun nəticələri də gəlir səviyyələri arasında fərqin ciddi olduğunu göstərir. İllik gəliri 30 min dollardan aşağı olan respondentlərin 60%-i əsas tələbat mallarına belə qənaət etdiyini bildirib. 100 min dollardan çox gəliri olanlar arasında isə bu göstərici 35% təşkil edib.
Həm demokrat, həm də respublikaçı yönümlü sosioloqlar hesab edirlər ki, son həftələrdə benzinin qiymətində baş verən cüzi eniş əvvəlki dövrdə yaşanan kəskin bahalaşmanın əhalinin alıcılıq qabiliyyətinə vurduğu zərəri hələ də kompensasiya edə bilmir.
MONETAR.AZ