ABŞ tələbə və jurnalistlər üçün viza müddətlərini məhdudlaşdırır

ABŞ tələbə və jurnalistlər üçün viza müddətlərini

ABŞ administrasiyası xarici tələbələr, mübadilə proqramı iştirakçıları və jurnalistlər üçün viza qaydalarını sərtləşdirir. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi yeni tənzimləmələrə əsasən, bu kateqoriyalara aid vizalar üzrə ölkədə qalma müddətinin artıq konkret zaman çərçivəsi ilə müəyyən ediləcəyini açıqlayıb.

Dəyişikliklər "F" kateqoriyalı tələbə vizalarını, mədəniyyət və təhsil mübadiləsi proqramları üçün nəzərdə tutulan "J" vizalarını, eləcə də media nümayəndələrinə verilən "I" kateqoriyalı vizaları əhatə edir.

Hazırkı qaydalara əsasən, bu vizaların sahibləri təhsil, mübadilə proqramı və ya peşə fəaliyyəti davam etdiyi müddətdə ABŞ-da qala bilirlər. Yeni qaydalar isə bu sistemi ləğv edərək vizalar üçün əvvəlcədən müəyyən olunmuş qalma müddətinin tətbiqini nəzərdə tutur.

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi bildirib ki, yeni qaydanın yekun mətni artıq Federal Reyestrdə (Federal Register) dərc olunub.

Sənədin hüquqi qüvvəyə minməsi üçün növbəti mərhələdə onun ABŞ Konqresində qanunvericiliyə uyğun şəkildə məcburi baxış prosedurundan keçməsi tələb olunur.

MONETAR.AZ