Avropalı istehlakçılar gələn il ərzaq qiymətlərində yeni artımla üzləşə bilərlər. İqtisadçıların qiymətləndirmələrinə görə, buna qlobal xammal qiymətlərinin yüksəlməsi, eləcə də bu yay Avropada qeydə alınan ekstremal hava şəraitinin məhsul istehsalına vurduğu zərər səbəb ola bilər.
Oxford Economics və Deutsche Bank ekspertləri Avropada ərzaq inflyasiyasının 2027-ci ildə yenidən sürətlənəcəyini proqnozlaşdırırlar. Oxford Economics-in hesablamalarına əsasən, Avrozonada ərzaq inflyasiyası gələn il təxminən 3 faizə yüksələ bilər. Bu göstərici 2026-cı ilin iyununda 1,6 faiz təşkil edib.
Ekspertlər bildirirlər ki, hava şəraiti amili gələn il ərzaq inflyasiyasına əlavə olaraq 1 faiz bəndinə qədər təsir göstərə bilər.
İqtisadçıların fikrincə, ərzaq qiymətləri adətən xammal və istehsal xərclərindəki dəyişikliklərə gec reaksiya verir. Əvvəlcə enerji və gübrə qiymətlərinin artması fermerlərin xərclərini yüksəldir, daha sonra bu artım emal müəssisələri, topdansatış şirkətləri və pərakəndə satış şəbəkələri vasitəsilə istehlakçılara ötürülür.
Avropa Statistika İdarəsinin (Eurostat) ilkin məlumatlarına əsasən, Avrozonada ərzaq inflyasiyası 2025-ci ilin dekabrında illik 2,5 faiz olduğu halda, 2026-cı ilin iyununda 1,6 faizə enib. Bu, 2021-ci ilin ortalarından bəri ən aşağı göstərici hesab olunur.
Hazırda ərzaq qiymətlərinin artım tempi nisbətən zəifdir. Buna əsas səbəblərdən biri 2025-ci ildə taxıl məhsullarının yüksək həcmi və süd bazarında yaranan təklif artımıdır. Bundan əlavə, şokolad, kakao və qəhvə kimi məhsullarda əvvəlki qlobal qiymət artımlarının təsiri zəifləyib.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, zeytun yağının qiymətləri son illərdəki rekord səviyyələrdən sonra aşağı düşməyə başlayıb. Enerji qiymətlərinin ucuzlaşması isə ərzaq məhsullarının emalı xərclərinin azalmasına imkan verib.
Oxford Economics-in məlumatına görə, son üç ayda ərzaq məhsullarının təxminən yarısının qiyməti aşağı düşüb, məhsulların yalnız 20 faizə yaxını isə 2 faizdən çox bahalaşıb. Bu göstəricilər yaxın aylarda ərzaq inflyasiyasının aşağı səviyyədə qala biləcəyinə işarə edir.
Bununla belə, ekspertlər hesab edirlər ki, xammal bazarlarında qiymət artımı və iqlim amilləri 2027-ci ildə Avropada ərzaq bazarına yenidən təzyiq göstərə bilər.
MONETAR.AZ