Bakı Metropolitenində sərnişinlərin rahatlığının artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən modernləşdirmə işləri davam edir. Bu il ərzində stansiya və tunellərdə daha 6 müasir tipli güclü ventilyator istismara verilib.
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, yeni avadanlıqlar "Xalqlar dostluğu" və "Əhmədli" stansiyalarında, həmçinin "Əhmədli–Həzi Aslanov", "Koroğlu–Qara Qarayev", "Qara Qarayev–Neftçilər", "Neftçilər–Xalqlar dostluğu" və "Xalqlar dostluğu–Əhmədli" tunel sahələrində quraşdırılıb.
Qurumun məlumatına görə, Bakının iqlim xüsusiyyətləri və metropolitenin geoloji şəraiti nəzərə alınaraq hazırlanan yeni nəsil ventilyatorlar əvvəlki avadanlıqlarla müqayisədə stansiya və tunellərə 2–3 dəfə daha çox təmiz hava ötürmək imkanına malikdir. Bununla yanaşı, yeni sistem elektrik enerjisi sərfiyyatını və texniki xidmət xərclərini də azaltmağa imkan verir. Ventilyatorlar dispetçer tərəfindən təsdiqlənmiş qrafik əsasında mərkəzləşdirilmiş qaydada idarə olunur.
Aparılan monitorinqlərin nəticələri göstərir ki, yeni avadanlıqlar stansiyalarda temperaturun aşağı salınmasına və hava dövriyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına müsbət təsir göstərir.
Modernləşdirmə proqramı çərçivəsində 2026-cı ilin ötən dövründə havalandırma şaxtalarında 358 səsboğucu yenilənib. Bundan əlavə, bəzi şaxtalarda təbii havalandırmanın yaxşılaşdırılması məqsədilə dempfer sistemi quraşdırılıb.
Növbəti mərhələdə daha 5 ventilyator, 5 dempfer və 354 səsboğucunun yenilənməsi planlaşdırılır.
Hazırda Bakı metropoliteninin stansiya və tunellərində ümumilikdə 123 ventilyator fəaliyyət göstərir. Onlardan 113-ü artıq müasir avadanlıqlarla əvəz edilib, qalan 10 ventilyatorun da mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur.
"Bakı Metropoliteni" QSC vurğulayıb ki, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə metro infrastrukturunun yenilənməsi və texniki modernləşdirilməsi istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.