Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı imtahanına qeydiyyat başlayıb

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı imtahanına

Aqrar Sığorta Fondunun təşkil etdiyi təlim proqramını uğurla başa vuran və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı əldə etmək istəyən namizədlər üçün test imtahanına qeydiyyat elan olunub.

Bildirilib ki, qeydiyyat prosesi 30 iyul 2026-cı il saat 18:00-dək davam edəcək.

İmtahan 9 avqust 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50) kompüter vasitəsilə elektron formatda keçiriləcək.

Namizədlər əvvəlcə DİM-in elektron portalında "Şəxsi kabinet" yaratmalı, daha sonra “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Şəxsi kabinet yaradıldıqdan sonra namizədlər iştirak haqqını kabinetin pul hesabına köçürməlidirlər. Qeydiyyatdan keçdiyi halda imtahana qatılmayan şəxslərə ödənilən məbləğ geri qaytarılmayacaq.

İmtahan sualları Aqrar Sığorta Fondunun keçirdiyi təlim proqramını əhatə edən açıq və qapalı tipli test tapşırıqlarından ibarət olacaq. Maksimum nəticə 60 bal təşkil edir. 36 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab olunacaq və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü təqdim ediləcək.