FED-in sərt mesajları fonunda funt dəyər itirir

FED-in sərt mesajları fonunda

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrinin gələcək trayektoriyası ilə bağlı sərt ritorikası cümə günü valyuta bazarlarında dolları gücləndirib. Bu fonda həm funt-sterlinq, həm də avro ABŞ valyutası qarşısında ucuzlaşıb. Eyni zamanda, bazarda volatilliyin son illərin minimum səviyyəsinə enməsi analitiklər tərəfindən potensial risk siqnalı kimi qiymətləndirilir.

Bakı vaxtı ilə saat 15:35-ə olan məlumata görə, funt-sterlinq dollar qarşısında 0,26% dəyər itirərək 1,3441 dollara enib. Avro isə 0,09% ucuzlaşaraq 1,1433 dollardan ticarət olunub.

Analitiklərin diqqətini çəkən əsas məqamlardan biri də dollar indeksi (DXY) üzrə bir aylıq gözlənilən volatilliyin 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşməsi olub. "ING" bankının valyuta strateqi Françesko Pezole bildirib ki, ABŞ-İran gərginliyi və FED-in sərtləşmə ehtimalı fonunda belə aşağı dəyişkənlik qeyri-adi görünür.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının dəstəklədiyi səhm bazarındakı dayanıqlıq valyuta bazarlarında da sakit mühit formalaşdırır və bu, aşağı volatilliklə yanaşı, carry trade strategiyalarını stimullaşdırır. Bununla belə, Pezole həm dollar, həm də valyuta bazarındakı volatillik üzrə risklərin artmağa başladığını vurğulayıb.

FED rəsmiləri Lori Loqan və Ceffri Şmidin son çıxışlarında inflyasiya ilə mübarizədə sərt mövqe nümayiş etdirmələri dolların möhkəmlənməsinə əlavə dəstək verib. Bazar iştirakçıları isə növbəti mərhələdə FED rəsmisi Filip Ceffersonun açıqlamalarını, həmçinin Miçiqan Universitetinin istehlakçı əhval-ruhiyyəsi indeksi, sənaye istehsalı və mənzil tikintisi statistikalarını diqqətlə izləyirlər.

"ING" ilin sonuna qədər faiz dərəcələrinin artırılacağı ilə bağlı bazar gözləntilərini həddindən artıq optimist hesab edir. Bankın baza ssenarisinə əsasən, FED-in bu il faiz dərəcələrini dəyişmədən saxlaması daha real görünür.

Ekspertlər hesab edirlər ki, funtun zəifləməsi Böyük Britaniya iqtisadiyyatındakı fundamental problemlərdən deyil, əsasən dolların güclənməsindən qaynaqlanır. CFTC məlumatları göstərir ki, bazarda funt üzrə qısa mövqelər üstünlük təşkil edir. "UBS Switzerland" strateqi Konstantin Bolts hesab edir ki, dollar üzərindəki təzyiq azaldıqdan sonra bu mövqelərin bağlanması funtun yenidən bahalaşmasına şərait yarada bilər.

Analitiklər həmçinin Böyük Britaniyada yeni Baş nazir Endi Börnemin vəzifəyə başlamasını qısamüddətli siyasi risk amili kimi qiymətləndirirlər. Onların fikrincə, hökumət dəyişikliyi fonunda funtun son aylardakı yüksəliş tempinin zəifləməsi mümkündür.

"ING" yay aylarının sonuna qədər EUR/GBP məzənnəsinin 0,870 səviyyəsinə yüksələcəyini proqnozlaşdırır. Bankın qiymətləndirməsinə görə, EUR/USD cütlüyünün isə yaxın müddətdə 1,135–1,150 diapazonunda qalması daha real ssenaridir.

Avropa Mərkəzi Bankının (AMB) növbəti iclasında faiz dərəcələrinin sabit saxlanılması gözlənilsə də, analitiklər neft qiymətlərinin yüksəlməsinin inflyasiya risklərini artırdığını və bu səbəbdən gələcəkdə əlavə sərtləşdirmə ehtimalının tam istisna edilmədiyini bildirirlər.

Ortamüddətli perspektivdə "UBS" funt-sterlinqə münasibətdə müsbət mövqeyini qoruyur. Bank GBP/CHF cütlüyünün sentyabr ayına qədər 1,11 səviyyəsinə yüksələ biləcəyini proqnozlaşdırır. Bununla yanaşı, riskdən yayınma meyillərinin güclənməsi, İngiltərə Bankının yumşaq pul siyasətinə keçməsi və ya qlobal səhm bazarlarında kəskin satışların başlaması bu proqnoz üçün əsas risklər kimi göstərilir.

MONETAR.AZ