ABŞ-ın yeni sanksiyaları Rusiya banklarını nə ilə hədələyir?

ABŞ-ın yeni sanksiyaları Rusiya banklarını

ABŞ Senatına bu həftə təqdim olunan "Sanctioning Russia Act of 2026" qanun layihəsi Rusiyanın maliyyə və enerji sektorlarına qarşı yeni məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Sənədin mətni Senatın Xarici Əlaqələr Komitəsinin rəsmi saytında dərc olunub.

Qanun layihəsi respublikaçı senator Lindsi Qremin başladığı təşəbbüsün davamı hesab olunur. "ABC News" senatorun köməkçisinə istinadən xəbər verir ki, sənəd hələ Qremin sağlığında Ağ Evlə razılaşdırılıb və onun vəfatından sonra mətnə dəyişiklik edilməyib. İyulun 13-də Ağ Ev nümayəndəsi "CNN" və "Bloomberg" nəşrlərinə Donald Trampın qanun layihəsini dəstəklədiyini təsdiqləyib. Tramp özü isə növbəti gün sənədin qəbul olunmaq ehtimalının yüksək olduğunu bildirib.

Layihəyə əsasən, qanun qüvvəyə mindikdən sonra ABŞ prezidenti 30 gün ərzində "Sberbank", "VTB", "Qazprombank" və dövlət iştiraklı digər Rusiya maliyyə institutlarına qarşı nəzərdə tutulan sanksiyaları tətbiq etməlidir.

Rusiya Mərkəzi Bankı üçün ayrıca mexanizm nəzərdə tutulur. Belə ki, prezident ona qarşı müəyyən edilmiş üç sanksiya qrupundan ən azı ikisini tətbiq etməyə borclu olacaq.

Bundan başqa, dondurulmuş Rusiya dövlət aktivlərini saxlayan ABŞ və digər ölkələrin maliyyə institutları həmin aktivlər üzrə hesablanmış faiz gəlirlərini Rusiyaya qaytarmamaq hüququ əldə edəcəklər. Bununla yanaşı, qanun layihəsində aktivlərin əsas məbləğinin taleyi ilə bağlı hər hansı müddəa yer almayıb.

Sənədin əvvəlki versəsi ilə müqayisədə müəyyən yumşalmalar da nəzərdə tutulur. Belə ki, Rusiya nefti və qazının əsas alıcılarına tətbiq olunması təklif edilən 500%-lik idxal rüsumu ləğv edilərək 100%-ə qədər endirilib. Eyni zamanda, bu tədbir yalnız Rusiyanın ən böyük beş idxalçısına şamil olunacaq.

Qanun layihəsinin ilk variantı 2025-ci ilin aprelində təqdim edilmişdi. Həmin redaksiyada sanksiyaların tətbiqi Rusiyanın Ukrayna ilə bağlı davranışından asılı idi. Məhdudiyyətlərin yalnız Moskva sülh danışıqlarından imtina etdiyi, razılaşmanı pozduğu, yeni hərbi əməliyyatlara başladığı və ya Ukrayna hökumətini devirməyə cəhd göstərdiyi halda qüvvəyə minməsi nəzərdə tutulurdu.

Yenilənmiş variantda isə bu şərtlər çıxarılıb. Yeni redaksiyaya əsasən, prezident qanun qüvvəyə mindikdən sonra müəyyən edilmiş müddətlər çərçivəsində sanksiyaları tətbiq etməyə borcludur və tədbirlərin əksəriyyəti 30 gün ərzində qüvvəyə minməlidir.

Bununla yanaşı, prezidentə ayrı-ayrı sanksiyalar və ya rüsumlar üzrə istisna tətbiq etmək səlahiyyəti də verilir. Lakin bunun üçün o, əvvəlcədən Konqresə qərarın ABŞ-ın milli maraqlarına uyğun olduğunu yazılı şəkildə əsaslandırmalı və müvafiq hesabat təqdim etməlidir.

Yenilənmiş qanun layihəsi demokrat və respublikaçı senatorlardan ibarət ikipartiyalı qrup tərəfindən təqdim olunub. İyulun 16-na olan məlumata görə, sənədi 100 senatorun 62-si dəstəkləyib və layihə rəsmi olaraq "Lindsey O. Graham Sanctioning Russia Act of 2026" adlandırılıb.

Hazırda sənəd yalnız qanun layihəsi statusundadır və hələ heç bir yeni sanksiya tətbiq etmir. Onun qanuna çevrilməsi üçün əvvəlcə Senat və Nümayəndələr Palatası tərəfindən eyni redaksiyada qəbul edilməli, daha sonra isə ABŞ prezidenti tərəfindən imzalanmalıdır. Senatda səsvermənin tarixi hələ açıqlanmayıb.

Qanun layihəsi Rusiya iqtisadiyyatının geniş spektrini əhatə edir. Buraya maliyyə və enerji sektoru, dövlət qurumları, suveren borc, müdafiə sənayesi, uran idxalı, Rusiyanın "kölgə donanması", sanksiyalardan yayınma mexanizmləri və fərdi sanksiyalar daxildir.

MONETAR.AZ