Hər 3 manat depozitin 2 manatı 3 bankdadır

Hər 3 manat depozitin 2 manatı

2026-cı il iyunun 30-na Azərbaycanda fəaliyyət göstərən 21 kommersiya bankının ümumi depozit portfeli 39 milyard 743,2 milyon manat təşkil edib. FED.az-ın Azərbaycan Mərkəzi Bankının operativ maliyyə göstəriciləri əsasında apardığı hesablamalara görə, bazarda depozitlərin əsas hissəsi məhdud sayda iri bankın payına düşür.

3 bankın payı 66,5%-dir

Depozit portfelinin həcminə görə bazara Kapital Bank liderlik edir. Bankın depozit portfeli 9 milyard 950 milyon manatdır. İkinci yerdə 9 milyard 260 milyon manatla ABB, üçüncü yerdə isə 7 milyard 220 milyon manatla PAŞA Bank qərarlaşıb.

Hər üç bankın ümumi depozit portfeli 26,42 milyard manat təşkil edir ki, bu da ölkə üzrə ümumi depozitlərin 66,5%-nə bərabərdir. Başqa sözlə, bank sektorundakı hər üç manat depozitin təxminən ikisi bu 3 bankda cəmləşib.

9 bankın depozit portfeli 1 milyard manatı ötür

İlk üç bankdan sonra depozit portfeli 1 milyard manatdan çox olan daha altı bank yer alır. Bunlar XalqBank (1,70 milyard manat), Azər-Türk Bank (1,49 milyard manat), Unibank (1,38 milyard manat), Bank Respublika (1,10 milyard manat), AccessBank (1,08 milyard manat) və Yelo Bankdır (1,04 milyard manat).

Depozit portfeli 1 milyard manata ən yaxın banklar isə Bank of Baku (948,8 milyon manat) və Ziraat Bank Azərbaycandır (866,6 milyon manat).

Orta seqmentdə rəqabət davam edir

Depozit portfeli 100 milyon manatdan 900 milyon manata qədər olan banklar arasında Rabitəbank (840,7 milyon manat), Yapı Kredi Bank Azərbaycan (572,9 milyon manat), Azərbaycan Sənaye Bankı (513,6 milyon manat)  yer alır.

Bu banklar əsasən pərakəndə bankçılıq, kiçik və orta biznesin maliyyələşdirilməsi, eləcə də korporativ müştərilər üzrə fəaliyyət göstərirlər.

Ən kiçik depozit portfelinə malik banklar

Siyahının sonunda VTB Bank Azərbaycan (121,7 milyon manat), Bank Avrasiya (75,2 milyon manat) və Bank Melli İran (36,3 milyon manat) qərarlaşıb. Bu bankların nisbətən kiçik depozit portfeli onların fəaliyyət istiqaməti və biznes modeli ilə əlaqədardır.

Hesablamalar göstərir ki, ilk 5 bankın payına ümumi depozit portfelinin təxminən 74,5%-i düşür. Bu isə depozit bazarında yüksək konsentrasiya səviyyəsinin davam etdiyini göstərir.

MONETAR.AZ