"Bank Avrasiya" ASC 2026-cı ilin birinci yarısını maliyyə göstəricilərinin kəskin pisləşməsi ilə başa vurub. Aktivlərini və depozit portfelini kağız üzərində böyüdən bank, real iş effektivliyi, xərclərə nəzarət və mənfəətlilik baxımından tam bir çöküş yaşayır. Ortaya çıxan rəsmi rəqəmlər bankın rəqabət qabiliyyətini itirdiyini və ciddi struktur problemləri ilə üzləşdiyini nümayiş etdirir.
Hesabata əsasən, "Bank Avrasiya" cari ilin ilk yarısını cəmi 939 min manat xalis mənfəətlə başa vurub. Keçən ilin eyni dövrü ilə müqayisədə mənfəətin 4,7 dəfə azalması bankın gəlir yarada bilmək mexanizmlərinin paslandığını göstərir. Təxminən 218,5 milyon manatlıq aktivə malik bir maliyyə institutunun yarım il ərzində 1 milyon manat belə xalis mənfəət qazana bilməməsi bank sektorunun ümumi artım fonunda böyük bir uğursuzluqdur.
Mənfəətin bu dərəcədə kəskin azalmasının daxili səbəbləri gəlir-xərc balansında özünü aydın büruzə verir. İlin ilk yarısında bankın əməliyyat gəlirləri cəmi 10% artaraq 10,365 milyon manat təşkil etdiyi halda, əməliyyat xərcləri iki dəfə daha sürətlə – 21,6 % artaraq 7,251 milyon manata çatıb. Nəticədə, əldə edilən gəlirlərin böyük hissəsi elə yoldaca daxili xərclər tərəfindən "buxarlandırılıb".
Bankın mənfəətliliyini tamamilə "öldürən" əsas zərbə isə xüsusi ehtiyatlara edilən ayırmalardan gəlib. Ötən il ehtiyatlardan qənaət edən bank bu il 2,339 milyon manatlıq gəlirini mümkün zərərlərin ödənilməsi üçün rezervlərə yönəltməli olub. Bank gələcək batacaq kreditlərin zərərini sığortalamaq üçün qazandığı gəlirləri mənfəət kimi bölüşdürə bilməyib, daxili rezervlərə köçürməyə məcbur qalıb.
"Bank Avrasiya"nın ən paradoksal göstəricisi onun balans kapitalıdır. Bankın balans kapitalı 2,1 % artaraq 90,791 milyon manata çatıb. Bu rəqəm bankın nizamnamə kapitalından (71,8 mln. manat) xeyli yüksəkdir və cəmi aktivlərinin demək olar ki, yarısını (41,5%-ni) əhatə edir. Maliyyə menecmenti baxımından bu, zəif kapital idarəçiliyidir. Normal bank modelində kapital aktivlərin maksimum 10-15%-ni təşkil etməlidir ki, bank cəlb etdiyi vəsaitlərlə işləyib yüksək rentabellilik yaratsın. "Bank Avrasiya" isə nəhəng kapital üzərində oturub, lakin onu kreditləşməyə və ya digər gəlirli alətlərə yönəldə bilmir. Bu "yatan" kapital səhmdarlara demək olar ki, heç bir qazanc gətirmir.
MONETAR.AZ