Avrozonada inflyasiya iyunda 2,8 faizə enib

Avrozonada inflyasiya iyunda

Avrozonada inflyasiya iyun ayında zəifləyərək son ayların ən aşağı səviyyələrindən birinə enib. "Eurostat"ın açıqladığı yekun statistikaya əsasən, istehlak qiymətlərinin illik artım tempi may ayındakı 3,2%-dən 2,8%-ə düşüb. Bununla da göstərici həm ilkin qiymətləndirməni təsdiqləyib, həm də iqtisadçıların gözlədiyi 3,0%-lik proqnozdan aşağı olub.

Məlumata görə, avrozonaya daxil olan 21 ölkədə İstehlak Qiymətləri İndeksi (İQİ) aylıq müqayisədə 0,1% azalıb. Bu nəticə də ilkin hesablamalarla üst-üstə düşür.

İnflyasiyanın gözləniləndən daha sürətli zəifləməsi nəticəsində ikinci rüb üzrə orta göstərici 3,0% olub. Bu isə Avropa Mərkəzi Bankının həmin dövr üçün proqnozlaşdırdığı 3,2%-lik səviyyədən aşağıdır.

"Capital Economics" analitiklərinin qiymətləndirməsinə görə, inflyasiyanın azalmasında əsas amillərdən biri yanacaq qiymətlərinin ucuzlaşması olub. Bu, energetika sektorunda qiymət artımını zəiflədib. Eyni zamanda, ərzaq məhsullarında bahalaşma tempinin də tədricən aşağı düşməsi ümumi inflyasiya göstəricisinə müsbət təsir göstərib.

Əsas inflyasiya göstəricisi də geriləyib. May ayında turizm xidmətlərinin bahalaşması fonunda yüksələn baza inflyasiyası iyunda 2,4%-ə enərək fevral ayından bəri qeydə alınan ən aşağı səviyyəyə qayıdıb. Analitiklər hesab edirlər ki, bu tendensiyada aviaşirkətlərin bahalaşan aviasiya yanacağı xərclərinin böyük hissəsini bilet qiymətlərinə tam ötürməməsi də müəyyən rol oynayıb.

İyun ayında ABŞ və İran arasında əldə olunan kövrək atəşkəs fonunda enerji qiymətlərində nisbi sabitlik müşahidə olunsa da, son günlər Yaxın Şərqdə gərginliyin yenidən artması neft bazarında qiymətlərə yüksəliş təzyiqini gücləndirib. Bu isə qarşıdakı aylarda inflyasiya dinamikası ilə bağlı qeyri-müəyyənliyi artırır.

Enerji daşıyıcıları və emal olunmamış ərzaq məhsulları çıxılmaqla hesablanan harmonizasiya edilmiş istehlak qiymətləri isə iyun ayında illik ifadədə 2,1%, aylıq müqayisədə isə 0,2% artıb. Bu göstəricilər qiymət təzyiqlərinin tədricən zəiflədiyini göstərsə də, inflyasiya hələ də AMB-nin hədəf səviyyəsinə tam yaxınlaşmayıb.

MONETAR.AZ