Qazaxıstan valyuta gəlirlərinin məcburi satışını ləğv edib

Qazaxıstan valyuta gəlirlərinin məcburi satışını

Qazaxıstan Milli Bankı kvazi-dövlət sektoru şirkətlərinin daxili valyuta bazarında ixrac gəlirlərinin 50%-ni məcburi satmasını tələb edən qaydanı ləğv edib. Tənzimləyicinin "Central Banking" nəşrinə verdiyi məlumata görə, qərar bu həftədən qüvvəyə minib və 2024-cü ildə bazardakı yüksək volatilliyi azaltmaq məqsədilə tətbiq edilən müvəqqəti böhran əleyhinə tədbirin başa çatdırılması anlamına gəlir.

Milli Bankın sədri Timur Süleymenov bu addımın tengenin məzənnəsinin, ölkə iqtisadiyyatının və tədiyə balansının sabitləşməsi fonunda atıldığını bildirib. Onun sözlərinə görə, qaydanın ləğvi valyuta bazarında tələb və təklif balansına ciddi təsir göstərməyəcək, çünki kvazi-dövlət şirkətləri daxili öhdəliklərini tenge ilə yerinə yetirmək üçün gəlirlərinin müəyyən hissəsini onsuz da satmağa davam edəcəklər. O, eyni zamanda vurğulayıb ki, bazarda yenidən gərginlik yaranacağı təqdirdə bu mexanizmdən gələcəkdə yenidən istifadə oluna bilər.

Valyuta gəlirlərinin 50%-nin satılması tələbi 19 noyabr 2024-cü ildə hökumətin qərarı ilə yenidən qüvvəyə minmişdi. Həmin dövrdə Milli Bank bu addımı tengenin zəifləməsi, xarici valyutaya yüksək tələbin formalaşması və bazarda təklifin kifayət qədər olmaması ilə əsaslandırmışdı. Tənzimləyici əlavə olaraq dolların qlobal möhkəmlənməsi, neftin qiymətinin 71–72 dollar/barel səviyyəsinə enməsi, idxalın artması, büdcə xərclərinin genişlənməsi və dövlət şirkətlərinin iri investisiya layihələrinin məzənnəyə təzyiq yaratdığını bildirmişdi.

2024-cü ilin noyabr ayında tenge ABŞ dollarına qarşı 5% dəyər itirərək 1 dollar üçün 512,52 tenge səviyyəsinə enmişdi. Milli Bank həmin ayın 15–28 noyabr tarixləri arasında bazarda sabitliyi qorumaq məqsədilə 1,05 milyard dollar həcmində valyuta intervensiyası həyata keçirmişdi.

Qazaxıstanda kvazi-dövlət şirkətləri üçün valyuta gəlirlərinin məcburi satışı ilk dəfə 2020-ci ildə tətbiq olunmuşdu. İlkin mərhələdə satış norması 75% müəyyən edilmiş, 2023-cü ilin fevralında 50%-ə, iyul ayında isə 30%-ə endirilmişdi. Həmin ilin avqustunda isə tələbin icrası 2025-ci il yanvarın 1-dək dayandırılmışdı. Daha sonra 2024-cü ilin noyabrında bazardakı təzyiqlər səbəbindən norma yenidən bərpa edilmişdi.

Məcburi satış mexanizmi daxili bazarda əhəmiyyətli həcmdə xarici valyuta təklifinin formalaşmasına kömək edirdi. Belə ki, 2026-cı ilin may ayında kvazi-dövlət sektoru şirkətləri təxminən 410 milyon dollar, iyun ayında isə 423 milyon dollar məbləğində valyutanı daxili bazarda satıblar.

MONETAR.AZ