“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda

Prezident İlham Əliyev Milli Məclisin iyulun 10-da qəbul etdiyi "Gömrük tarifi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Dəyişiklik Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən hüquqi şəxslər üçün gömrük rüsumu güzəştlərinin əhatə dairəsini genişləndirir.

Yeni qaydalara əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq dövlət qurumu tərəfindən təsdiqlənmiş, Ələt Azad İqtisadi Zonasında tam istehsal edilmiş və ya kifayət qədər emal olunmuş yerli mənşəli mallar müəyyən şərtlərlə əsas iqtisadiyyata gətirilərkən gömrük rüsumundan azad ediləcək.

Bu güzəştdən yararlanmaq üçün istehsal olunan məhsulların həcminin ən azı 50 faizi ölkə hüdudlarından kənara ixrac edilməlidir. Güzəşt malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən etibarən 15 il müddətində tətbiq olunacaq.

Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bununla yanaşı, dövlət başçısı qanunun tətbiqini təmin etmək məqsədilə "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə 4 iyul 2013-cü il tarixli fərmanda dəyişiklik edilməsi haqqında da fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay ərzində gömrük rüsumundan azad olunacaq malların xarici iqtisadi fəaliyyət üzrə nomenklatura siyahısını, həmin məhsulların Ələt Azad İqtisadi Zonası ilə əsas iqtisadiyyat arasında hərəkəti qaydasını müəyyən etməli və görülən işlər barədə Prezidentə məlumat verməlidir. Hökumətə həmçinin qanundan irəli gələn digər təşkilati məsələlərin həlli tapşırılıb.