Yunanıstan Rusiyaya qarşı 21-ci sanksiyalar paketini bloklayıb

Yunanıstan Rusiyaya qarşı 21-ci sanksiyalar

Yunanıstan Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketinin qəbulunu bloklayıb. Afina bu qərarını ölkənin iri gəmiçilik şirkətlərindən biri olan "Dynagas" üçün yarana biləcək ciddi risklərlə əsaslandırıb. Bununla yanaşı, Aİ üzvləri Rusiyaya məxsus neft üçün tətbiq olunan 44,10 dollarlıq qiymət tavanının qüvvədə olma müddətini 23 iyul 2026-cı ilədək uzatmaq barədə razılığa gəliblər. Bu addım Moskvaya qarşı mövcud təzyiq mexanizminin zəifləməsinin qarşısını almağa hesablanıb.

Müzakirələrin əsas mövzusu yeni sanksiyalar paketində yer alan Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (MTQ) üçüncü ölkələrə daşınmasının qadağan edilməsidir. Yunanıstanın Aİ yanında daimi nümayəndəsi Brüsseldə keçirilən iclas zamanı bildirib ki, belə bir qadağa "Dynagas" şirkətinin fəaliyyətini faktiki olaraq iflic edə bilər.

Şirkətin donanmasında 27 qazdaşıyan tanker fəaliyyət göstərir. Onların təxminən üçdə biri Arktikadakı "Yamal MTQ" layihəsi üçün xüsusi hazırlanmış, hər birinin dəyəri təxminən 300 milyon dollar olan Arc7 buz sinifli tankerlərdir. Bu gəmilər yalnız həmin marşrut üçün nəzərdə tutulduğundan alternativ istiqamətlərdə istifadəsi demək olar ki, mümkün hesab edilmir.

"Financial Times" yazır ki, Afina sanksiyalar qüvvəyə minəcəyi halda şirkətin həmin tankerləri Qərb bazarından kənar alıcılara satmağa məcbur qalacağını bildirib. Yunanıstan hökuməti bunu ölkənin gəmiçilik sənayesi üçün ciddi iqtisadi risk kimi qiymətləndirir.

İyulun 13-də Aİ ölkələrinin xarici işlər nazirləri paketi təsdiqləyə bilməyiblər. Ertəsi gün Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas razılığın hələ əldə olunmadığını təsdiqləyərək kompromisə yaxın olduqlarını bildirib. Onun sözlərinə görə, nəticə əldə edilməzsə alternativ variantlar da nəzərdən keçiriləcək.

İyulun 15-16-da keçirilən səfirlər görüşündə də yekdil mövqe formalaşmayıb. Danışıqlarda iştirak edən mənbələrin məlumatına əsasən, kompromis əldə olunmadığı üçün müzakirələrin gələn həftə davam etdirilməsi qərara alınıb.

Mövcud vəziyyət Avropa İttifaqının sanksiya mexanizminin əsas xüsusiyyətini bir daha üzə çıxarıb. Belə ki, yeni sanksiya paketinin qüvvəyə minməsi üçün bütün 27 üzv dövlətin yekdil razılığı tələb olunur. Bu isə hər bir ölkəyə faktiki veto hüququ verir. Yunanıstan, Malta və Kipr indiyədək də gəmiçilik sektoruna təsir edən məhdudiyyətlərə ehtiyatla yanaşıblar. Lakin bu dəfə məhz Afina konkret bir şirkətin maraqlarını əsas gətirərək paketin qəbulunu dayandırıb.

Hazırlanan 21-ci sanksiyalar paketi Rusiyaya qarşı indiyədək nəzərdə tutulan ən geniş tədbirlərdən biri hesab olunur. Sənədə pilotsuz uçuş aparatları istehsalçılarına qarşı yeni məhdudiyyətlər, Rusiya nefti üzrə qiymət tavanı mexanizminə dəyişikliklər, əlavə idxal qadağaları və ümumilikdə 250-yə yaxın yeni tədbirin daxil edilməsi planlaşdırılır. Qərb mediasının məlumatına görə, paket çərçivəsində "LUKOYL" və "Rosneft" kimi iri enerji şirkətlərinə qarşı da yeni məhdudiyyətlər tətbiq oluna bilər.

Aİ səfirlərinin iyulun 21-də başlayacaq həftədə danışıqları bərpa etməsi gözlənilir. Əsas məqsəd MTQ daşımaları ilə bağlı Yunanıstan üçün məqbul hesab ediləcək kompromis variantının hazırlanmasıdır.

Əgər iyulun 23-dək razılıq əldə olunmasa, Rusiya nefti üzrə qiymət tavanı mexanizmi yeni mərhələyə keçəcək, 21-ci sanksiyalar paketi isə üzv ölkələrin enerji və gəmiçilik maraqları səbəbindən qeyri-müəyyən müddətə təxirə salına bilər.

MONETAR.AZ