Braziliyadan ABŞ-a ixrac edilən həll olunan kofe yeni gömrük rüsumlarından azad olunub. Braziliyanın "Cecafe" Kofe İxracatçıları Assosiasiyası bildirib ki, bu qərar ölkənin ABŞ bazarına yönələn milyardlarla dollarlıq kofe ixracının qorunmasına imkan yaradacaq.
Assosiasiyanın "Reuters" agentliyinə istinadən yaydığı məlumata görə, rüsum istisnası Braziliyanın ABŞ-a illik 2–2,5 milyard dollar həcmində kofe ixracının davamlılığını təmin etməyə xidmət edir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası daha əvvəl Braziliyadan idxal olunan bir sıra məhsullara tətbiq edilən 25 faizlik gömrük rüsumunu ləğv etmişdi. Bu qərar yaşıl (xam) kofe dənələri və aromatlaşdırılmış həll olunan kofe növlərini əhatə etsə də, adi həll olunan kofe həmin vaxt güzəşt siyahısına daxil edilməmişdi.
Braziliya Həll Olunan Kofe Sənayesi Assosiasiyasının (Abics) məlumatına əsasən, rüsumların təsiri nəticəsində 2025-ci ildə Braziliya istehsalı olan həll olunan kofenin ABŞ-a ixracı əvvəlki illə müqayisədə təxminən 30 faiz azalıb.
"Cecafe"nin baş direktoru Markos Matos bildirib ki, həll olunan kofenin rüsumlardan azad edilməsi təşkilatın ABŞ Milli Kofe Assosiasiyası ilə apardığı koordinasiyalı fəaliyyətin nəticəsidir. Onun sözlərinə görə, bu qərar Braziliya kofe sektorunun ABŞ bazarındakı rəqabət qabiliyyətinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.