Rusiyada yanacaq çatışmazlığı və Azov dənizində artan hərbi gərginlik kənd təsərrüfatı sektoruna ciddi təsir göstərməyə başlayıb. "Reuters" agentliyinin məlumatına görə, Ukrayna dronlarının Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrdən sonra dizel yanacağının qiyməti kəskin bahalaşıb və fermerlər məhsul yığımında əlavə çətinliklərlə üzləşiblər.
Məlumata əsasən, bir çox təsərrüfat işçisi kənd təsərrüfatı texnikasını yanacaqla təmin etmək üçün saatlarla növbədə qalmalı olur. Bu isə biçin kampaniyasının tempini ləngidir və istehsal xərclərini artırır.
Problemlər bununla da məhdudlaşmır. Rusiyanın taxıl ixracı üçün əsas marşrutlardan biri hesab olunan Azov dənizində son günlər hərbi vəziyyətin gərginləşməsi gəmiçiliyə də mənfi təsir göstərib. Təhlükəsizlik riskləri səbəbindən taxıl alışına dair təkliflərin demək olar ki, dayandığı bildirilir. Ötən həftə ərzində qarşıdurma tərəflərinin bir-birinə məxsus onlarla tanker və yük gəmisinə zərbələr endirdiyi qeyd olunur.
Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut bildirib ki, məhsuldarlıqla bağlı proqnozlar müsbət olaraq qalır. Bununla yanaşı, o, ölkənin bütün regionlarında yanacaq təminatı ilə bağlı problemlərin mövcud olduğunu etiraf edib və dövlətin fermerləri lazımi həcmdə yanacaqla təmin edəcəyini açıqlayıb.
"SovEkon" analitik mərkəzinin rəhbəri Andrey Sizov isə vəziyyətin ixrac perspektivləri üçün risk yaratdığını bildirib. Onun sözlərinə görə, Azov dənizində gəmiçiliyin bərpası ilə bağlı həll yolu yaxın aylarda tapılmazsa, Rusiya dünya bazarına 5–10 milyon ton daha az buğda ixrac edə bilər.
Statistikaya görə, Rusiya ötən il dünya bazarına 61 milyon tondan çox taxıl, o cümlədən 46 milyon ton buğda ixrac edib.
Analitik hesab edir ki, dizel yanacağının bahalaşması fermerlərin hər ton taxıldan təxminən 1 000 rubl itirməsinə səbəb olur. Azov dənizində ixrac məhdudiyyətləri isə bu maliyyə yükünü daha da artırır. Nəticədə, fermerlərin gəlirliliyinin azalması gələcək mövsümlərdə taxıl əkin sahələrinin daha da kiçilməsinə gətirib çıxara bilər.
MONETAR.AZ