Azərbaycanın gündəlik neft hasilatı 552 min barreldir

Azərbaycanın gündəlik neft hasilatı

2026-cı ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, respublikada kondensatla birlikdə 13,3 milyon ton neft hasil edilib.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə neft hasilatının 7,9 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 1,7 milyon tonu “Şahdəniz”, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı isə 3,4 milyon ton təşkil edib.

Qeyd olunan dövrdə respublikadan 10,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. İxrac edilən həcmlərin 9,5 milyon tonu konsorsiumun, 0,7 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə JOCAP-ın payına düşüb.

Cari ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (449 min barrel), kondensat hasilatı isə 12 min ton (103 min barrel) təşkil edib. Ümumilikdə, neft hasilatı orta hesabla gündəlik 73 min ton (552 min barrel) səviyyəsində olub.

Hesabat dövründə ölkədə neftin emalı 2,9 milyon ton təşkil edib.

MONETAR.AZ