ABŞ-nin yeni sanksiya planı: Rusiya neftini alan ölkələrə ağır rüsum

ABŞ-nin yeni sanksiya planı:

ABŞ Konqresində Rusiyanın neft və qaz ixracına qarşı yeni sanksiyaları nəzərdə tutan "Sanctioning Russia Act" qanun layihəsinə baxılır. Sənəd qəbul ediləcəyi təqdirdə ABŞ Prezidentinə Rusiyadan enerji resursları alan əsas ölkələrdən idxal olunan məhsullara 100 faizə qədər gömrük rüsumu tətbiq etmək səlahiyyəti verəcək.

Qanun layihəsinə əsasən, Prezident Rusiyanın ən böyük neft və qaz alıcıları hesab edilən beş ölkəyə qarşı əlavə tariflər tətbiq edə biləcək. Layihənin ilkin variantında rüsumların 500 faizə qədər artırılması nəzərdə tutulsa da, sonradan bu göstərici 100 faizə endirilib.

Ekspertlərin fikrincə, 100 faizlik tarif faktiki olaraq məhdudlaşdırıcı xarakter daşıyır və belə rüsum tətbiq olunan məhsulların ABŞ bazarında rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə azalda bilər.

Sənədin qəbul olunması sanksiyaların avtomatik qüvvəyə minməsi demək deyil. Qanun layihəsi ABŞ Prezidentinə belə tədbirləri zərurət yarandıqda operativ şəkildə tətbiq etmək imkanı yaradır.

Müzakirələr zamanı diqqət çəkən məqamlardan biri də məhdudiyyətlərin şamil olunacağı ölkələrin hansı meyarlarla müəyyən ediləcəyidir. Beynəlxalq ticarət statistikasına görə, Rusiyanın əsas enerji alıcıları sırasında Çin, Hindistan, Türkiyə, Macarıstan, Slovakiya, Fransa və Yaponiya yer alır. Bununla belə, bəzi məlumatlara əsasən, qanun layihəsində Türkiyənin adı qeyd olunmur, əvəzində Belçika və Azərbaycanın da siyahıda olduğu iddia edilir. Bu barədə rəsmi təsdiq verilməyib.

Analitiklər hesab edirlər ki, qanun layihəsi qəbul olunarsa, Vaşinqtonun Çin və Hindistan kimi iri iqtisadiyyatlarla danışıqlarda əlavə təzyiq alətinə çevrilə bilər. Bununla yanaşı, ABŞ administrasiyasının belə tarifləri tətbiq edib-etməyəcəyi qlobal enerji bazarındakı vəziyyətdən və geosiyasi proseslərdən asılı olacaq.

Mütəxəssislərin qiymətləndirməsinə görə, yeni sanksiyalar tətbiq edilərsə, Rusiyanın neft ixracının həcmlərində kəskin azalma gözlənilməsə də, alıcı ölkələrin daha böyük qiymət endirimləri tələb etməsi ehtimalı arta bilər. Bu isə Rusiya neftinin dünya bazarında daha böyük endirimlə satılmasına səbəb ola bilər.

MONETAR.AZ