Qazaxıstan Almaniyaya neft ixracını iki ay dayandırır

Qazaxıstan Almaniyaya neft ixracını

Qazaxıstan 2026-cı ilin iyul və avqust aylarında "Drujba" neft kəməri vasitəsilə Almaniyaya neft ixrac etməyəcək. Beləliklə, ilin ilk səkkiz ayı ərzində bu marşrut üzrə Almaniyaya bir ton da Qazaxıstan nefti göndərilməyəcək.

Qazaxıstan Energetika Nazirliyinin yaydığı məlumata görə, qərar tranzit infrastrukturunda yaranmış müvəqqəti texniki məhdudiyyətlərlə bağlıdır. Nazirlik bildirib ki, Atırau–Samara–"Drujba" marşrutu ilə Almaniya istiqamətində neft nəqli hazırda həyata keçirilmir və buna görə də iyul-avqust ayları üçün ixrac planı nəzərdə tutulmayıb.

İlin əvvəlində Almaniyaya tədarüklər davam etsə də, ümumi həcmlər planlaşdırılandan xeyli geri qalıb. Yanvar-aprel aylarında "Drujba" kəməri ilə cəmi 1,02 milyon ton neft nəql edilib. Halbuki 2026-cı il üzrə ümumi ixrac planı 3 milyon ton təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu marşrut vasitəsilə Almaniyaya 2,1 milyon ton Qazaxıstan nefti çatdırılmışdı.

Əslində, nəql prosesi mayın 1-dən etibarən dayanıb. Rusiya həmin tarixdən etibarən "Drujba" kəmərinin öz ərazisindən keçən hissəsi ilə Qazaxıstan neftinin Almaniya istiqamətində ötürülməsini dayandırıb. Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bunu texniki səbəblərlə izah edərək, ixrac həcmlərinin alternativ marşrutlara yönləndiriləcəyini açıqlayıb. Qazaxıstan da boşalan həcmlərin böyük hissəsini Xəzər Boru Kəməri Konsorsiumu (CPC) xətti vasitəsilə ixrac etməyə başlayıb.

Nəqlin dayanması Almaniyanın şərqində yerləşən "PCK Schwedt" neft emalı zavoduna da təsirsiz ötüşmür. Müəssisə uzun illərdir ki, əsasən "Drujba" kəməri ilə gələn Rusiya və Qazaxıstan mənşəli xammaldan istifadə edir. Bu səbəbdən Berlin alternativ tədarük mənbələrinin genişləndirilməsini sürətləndirib.

Məlumata görə, Polşanın "Unimot" şirkəti artıq Qdansk terminalı və PERN operatorunun infrastrukturu vasitəsilə Latın Amerikası mənşəli neftin "Schwedt" zavoduna çatdırılmasına başlayıb. Şirkətin kommersiya məsələləri üzrə vitse-prezidenti Robert Bjozovski bildirib ki, qərbdən həyata keçirilən sabit neft tədarükü həm Polşa, həm də Almaniyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bütün bunlar Yaxın Şərqdə geosiyasi risklərin yenidən artdığı və "Brent" markalı neftin qiymətinin 79 dolları keçdiyi bir dövrə təsadüf edir. Analitiklər hesab edirlər ki, bazarda risk mükafatının yüksəlməsi fonunda Qazaxıstan neftinin Almaniyaya tədarükünün dayanması Avropa üçün alternativ xammalın təmin edilməsini daha mürəkkəb və baha prosesə çevirə bilər.

MONETAR.AZ