“Azərenerji”nin xalis mənfəəti 26 faiz azalıb

“Azərenerji”nin xalis mənfəəti

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının təhlili bir sıra mühüm maliyyə dəyişikliklərini ortaya qoyur.

Şirkət hesabat dövrünü mənfəətlə başa vursa da, əvvəlki illə müqayisədə gəlirlilik göstəricilərində zəifləmə müşahidə olunub. Belə ki, 2025-ci ildə “Azərenerji”nin xalis mənfəəti 128,2 milyon manat təşkil edib. 2024-cü ildə isə bu göstərici 173,8 milyon manat olub. Nəticədə illik xalis mənfəət təxminən 45,6 milyon manat və ya 26 faiz azalıb.

Hesabatdan görünür ki, şirkətin ümumi gəlirləri artıb. 2025-ci ildə gəlirlər 1,63 milyard manat, 2024-cü ildə isə 1,47 milyard manat olub. Artıma əsas töhfəni elektrik enerjisinin satışından əldə olunan gəlirlər verib. Elektrik enerjisi satışından daxilolmalar 1,56 milyard manata çatıb.

Lakin gəlirlərin artmasına baxmayaraq, xərclərin yüksəlməsi mənfəətə mənfi təsir edib. Əməliyyat xərcləri 2025-ci ildə 1,37 milyard manat təşkil edib ki, bu da əvvəlki ilin 1,28 milyard manatlıq göstəricisindən yüksəkdir.

Ən böyük xərc maddələrindən biri yanacaq xərcləri olub. Bu istiqamətdə 679,9 milyon manat vəsait xərclənib. Bundan əlavə, köhnəlmə və amortizasiya xərcləri 330,5 milyon manat, işçi xərcləri isə 136,7 milyon manat təşkil edib.

Hesabatda diqqət çəkən digər məqam xarici valyuta əməliyyatları üzrə itkilərdir. 2025-ci ildə valyuta mübadiləsindən yaranan zərərlər 98,3 milyon manat olub. Halbuki həmin dövrdə valyuta gəlirləri 44,3 milyon manat təşkil edib. Nəticədə bu əməliyyatlar üzrə xalis mənfi təsir təxminən 54 milyon manat olub.

Şirkətin aktivləri də artıb. 2025-ci ilin sonunda “Azərenerji”nin ümumi aktivləri 6,43 milyard manat təşkil edib. 2024-cü ildə bu göstərici 5,91 milyard manat idi.

Bununla yanaşı, şirkətin pul vəsaitlərində azalma qeydə alınıb. Hesabat dövrünün sonunda nağd pul və pul ekvivalentləri 64 milyon manat olub. Bir il əvvəl isə bu rəqəm 124,3 milyon manat idi. Yəni pul ehtiyatları təxminən iki dəfə azalıb.

İnvestisiya fəaliyyəti üzrə də böyük həcmdə vəsait xərclənib. 2025-ci ildə əsas vəsaitlərin alınmasına 569 milyon manat, tikinti işləri üçün verilmiş avanslara isə 285,3 milyon manat ayrılıb.

Maliyyə hesabatına əsasən, “Azərenerji” 2025-ci ildə əməliyyat fəaliyyətindən 686,6 milyon manat xalis pul vəsaiti əldə edib. Lakin yüksək investisiya xərcləri səbəbindən ilin sonunda pul qalığı azalıb.

Auditor hesabatında isə maliyyə hesabatlarının Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun hazırlandığı və şirkətin maliyyə vəziyyətini düzgün əks etdirdiyi bildirilib.

MONETAR.AZ