Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında “Balıqçılıq haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.
Yeni qanun Azərbaycanda balıqçılığın təşkili və idarə olunmasının, balıq və digər su bioresurslarının ovlanmasının, akvakulturanın inkişafının, su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.
Sənədə əsasən, balıqçılıq sahəsində münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası, beynəlxalq müqavilələr, Su Məcəlləsi və digər aidiyyəti qanunvericilik aktları ilə tənzimlənəcək.
Qanun balıqçılığın təşkili, su bioresurslarının qorunması, balıq məhsullarının keyfiyyət və təhlükəsizlik tələbləri, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı məsələləri əhatə edir.
Xəzər dənizinin Azərbaycanın aidiyyəti hissəsində, sərhəd su obyektlərində və digər su hövzələrində balıqçılığın təşkili yeni qanunun, su qanunvericiliyinin və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun həyata keçiriləcək.
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasında balıqçılıq sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanunun müddəalarına əsasən tənzimlənəcək.
Qanunun tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.
Yeni qanun qüvvəyə mindikdən sonra 27 mart 1998-ci il tarixli “Balıqçılıq haqqında” qanun qüvvədən düşəcək.