Azərbaycan Respublikasında ərzaq təminatının izlənilməsi və idarə olunması məqsədilə yeni informasiya sistemi yaradılır.
MONETAR.AZ xəbər verir ki, Nazirlər Kabinetinin 10 iyul 2026-cı il tarixli qərarı ilə “Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.
Qərara əsasən, sistemin formalaşdırılması, idarə olunması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunub.
Sənədə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti informasiya sisteminin dövlət informasiya ehtiyatları ilə bağlı tələblərə uyğun qurulmasını təmin edəcək.
Yeni sistem çərçivəsində aidiyyəti dövlət qurumlarının məlumatlarının inteqrasiyası nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Ehtiyatları Agentliyi ərzaq təminatı ilə bağlı zəruri məlumatların elektron şəkildə sistemə ötürülməsini təmin etməlidir.
Qərara görə, aidiyyəti qurumlar bu məqsədlə altı ay müddətində müvafiq texniki və təşkilati tədbirlər həyata keçirəcəklər.
“Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılması ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı məlumatların vahid platformada toplanmasına, təhlilinə və idarəetmə qərarlarının daha operativ qəbul edilməsinə imkan verəcək.