Bakıdan bir çox istiqamətə aşağıbüdcəli birbaşa uçuşlar həyata keçirilir

Bakıdan bir çox istiqamətə aşağıbüdcəli birbaşa

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Aeroportun yaydığı məlumata görə, həyata keçirilən inkişaf tədbirləri nəticəsində sərnişinlər üçün yeni istiqamətlər, daha geniş seçim imkanları və müxtəlif tarif modelləri təqdim olunur.

Hazırda hava limanında fəaliyyət göstərən aviadaşıyıcıların mühüm hissəsini aşağıbüdcəli və hibrid biznes modeli ilə çalışan şirkətlər təşkil edir. Təxminən 20 aşağıbüdcəli və hibrid aviaşirkət Bakıdan 20-dən çox beynəlxalq istiqamət üzrə birbaşa uçuşlar həyata keçirir.

Sərnişinlər "Wizz Air", "Pegasus Airlines", "Air Arabia", "flydubai", "flynas" və digər aviaşirkətlərin reysləri ilə Budapeşt, Roma, İstanbul, Daşkənd, Dubay, Şarja, Antalya, Aktau və digər şəhərlərə səyahət edə bilirlər. Müxtəlif qiymət siyasəti və çevik uçuş cədvəlləri fərqli büdcə və səyahət tələblərinə uyğun seçim imkanlarını genişləndirir.

2026-cı ildə marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni addımlar da atılıb. Belə ki, "FLYONE Asia" Bakı–Daşkənd, "FLYONE" isə Bakı–Kişinau marşrutu üzrə müntəzəm reyslərə başlayıb. Bundan əlavə, cari ilin oktyabr ayından etibarən "Wizz Air" tərəfindən Bakı–Bratislava istiqamətində birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.

Aeroportdan bildirilib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın qlobal hava nəqliyyatı şəbəkəsində mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Yeni aviaşirkətlərin və marşrutların cəlb olunması həm ölkəyə gələn turistlərin sayının artmasına, həm də Azərbaycan vətəndaşları üçün daha əlçatan və sərfəli səyahət imkanlarının genişlənməsinə şərait yaradır.