Bakı–Balakən–Bakı sərnişin qatarının fəaliyyəti dəmir yolu infrastrukturunda yaranmış problemlə əlaqədar müvəqqəti məhdudlaşdırılır. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin yaydığı məlumata görə, avqustun 1-dək qatar yalnız Qax stansiyasına qədər hərəkət edəcək və geri qayıdacaq.
Bildirilib ki, 1 avqustdan etibarən isə Bakı–Balakən marşrutu üzrə qatarın hərəkəti müvəqqəti dayandırılacaq.
Qərarın qəbul edilməsinə səbəb Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən dəmir yolu sahəsində infrastruktura ziyan dəyməsi olub. Hazırda zədələnmiş hissələrin bərpası istiqamətində təmir işləri davam etdirilir.
ADY qeyd edib ki, bu marşrut üzrə 1–13 avqust tarixləri üçün bilet əldə etmiş sərnişinlərə ödənilmiş vəsait tam həcmdə geri qaytarılacaq.
Qurum marşrutun bərpası ilə bağlı əlavə məlumatın ictimaiyyətə təqdim ediləcəyini də bildirib.