Bakıda "Sea Breeze" istiqamətinə ekspres avtobus marşrutu yenidən fəaliyyətə başlayır

Bakıda "Sea Breeze" istiqamətinə ekspres avtobus marşrutu yenidən

Yay mövsümündə çimərlik istiqamətlərinə sərnişin axınının artması nəzərə alınaraq, Bakıda Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə "Sea Breeze" istirahət mərkəzini birləşdirən 150E nömrəli ekspres avtobus marşrutu yenidən fəaliyyətə başlayır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, marşrut sabahdan etibarən yalnız şənbə və bazar günləri sərnişinlərə xidmət göstərəcək. Avtobuslar "Koroğlu" metro stansiyasının cənub çıxışından ("Piramida" tərəf) yola düşəcək və marşrut boyunca bir neçə aralıq dayanacaqda da sərnişin götürəcək.

Sərnişindaşıma böyüktutumlu avtobuslarla həyata keçiriləcək. Nəqliyyat vasitələri hər gün 07:00-dan 22:00-dək fəaliyyət göstərəcək və 30 dəqiqəlik intervalla hərəkət edəcək.

AYNA bildirir ki, marşrut üzrə ödəniş yalnız nağdsız qaydada qəbul ediləcək. Gediş haqqı 0,90 manat müəyyən olunub.

Qeyd edək ki, 150E ekspres marşrutunun yenidən istifadəyə verilməsi yay aylarında paytaxt sakinləri və şəhər qonaqları üçün "Sea Breeze" istiqamətində daha rahat və əlçatan ictimai nəqliyyat xidmətinin təmin edilməsinə xidmət edir.