Ali təhsil müəssisələrinin “Memarlıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər və subbakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün 16–20 iyul 2026-cı il tarixlərində (20 iyul saat 23:59-dək) elektron qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, “Memarlıq” ixtisasını yalnız I ixtisas qrupu üzrə ümumi balı minimum 200 olan namizədlər seçə bilərlər.
Qeyd edilib ki, I ixtisas qrupu üzrə blok imtahanının ikinci cəhdində iştirak etmiş, lakin nəticələri hələ elan olunmamış abituriyentlər də qeydiyyatdan keçə bilərlər. Lakin onların ümumi balı sonradan 200-dən aşağı olarsa, qabiliyyət imtahanından keçsələr belə ixtisas seçiminə buraxılmayacaqlar və ödənilmiş rüsum geri qaytarılmayacaq.
Qabiliyyət imtahanından məqbul qiymət alan namizədlər ixtisas seçimi zamanı elektron ərizələrində “Memarlıq”la yanaşı I ixtisas qrupunun digər ixtisaslarını da göstərə biləcəklər.
Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları barədə ətraflı məlumat “Abituriyent” jurnalının 2026-cı ildə nəşr olunmuş “Memarlıq” xüsusi buraxılışında təqdim edilib.