Çin avtomobil istehsalçıları xarici investisiyalarda ABŞ-ı geridə qoyur

Çin avtomobil istehsalçıları xarici investisiyalarda

Çin avtomobil istehsalçıları elektromobil və akkumulyator istehsalı üzrə qlobal investisiya yarışında ABŞ şirkətlərini əhəmiyyətli fərqlə qabaqlayıblar. "Atlas Public Policy" analitik mərkəzinin məlumatına əsasən, 2019–2025-ci illər ərzində Çin şirkətləri xaricdə elektrikli nəqliyyat vasitələri və akkumulyator istehsalı layihələrinə təxminən 101 milyard dollar sərmayə yatırıb. Eyni dövrdə ABŞ şirkətlərinin bu istiqamətdəki investisiyaları isə 38 milyard dollardan bir qədər çox olub.

Araşdırmaya görə, 2021-ci ilə qədər ABŞ şirkətləri birbaşa xarici investisiyaların həcminə görə üstün mövqedə olsalar da, sonrakı illərdə Çin istehsalçıları sürətlə irəliləyərək liderliyi ələ keçiriblər.

Brukinqs İnstitutunun elmi işçisi Kayl Çan hesab edir ki, "BYD" kimi Çin şirkətləri artıq elektromobil sənayesinin yeni "General Motors" və "Ford" şirkətlərinə çevrilirlər. Onun sözlərinə görə, bu üstünlük iri istehsal miqyası, qlobal tədarük zəncirlərinin qurulması və uzunmüddətli investisiya strategiyası hesabına formalaşıb və yaxın illərdə onların bazar liderliyini itirməsi çətin görünür.

Ekspertlər Çin avtomobil istehsalçılarının xarici bazarlara sürətli ekspansiyasını üç əsas amillə izah edirlər. Bunlardan birincisi, ölkənin daxili avtomobil bazarında müşahidə olunan yüksək rəqabət, qiymət müharibələri və artıq istehsal gücləridir ki, bu da şirkətləri yeni bazarlar axtarmağa sövq edir.

İkinci səbəb isə bir sıra ölkələrin Çin istehsalı olan elektromobillərə qarşı tətbiq etdiyi ticarət məhdudiyyətləridir. Şirkətlər bu maneələri aşmaq və əsas bazarlara çıxışı qorumaq üçün istehsal müəssisələrini həmin ölkələrdə yaratmağa üstünlük verirlər.

Kayl Çan qeyd edib ki, Çin investisiyaları əsasən ya böyük istehlak bazarına malik ölkələrə, ya da daha geniş regional bazarlara çıxış imkanı verən dövlətlərə yönəlir. O, nümunə olaraq Macarıstanda inşa edilən zavodları göstərərək bildirib ki, bu investisiyalar Çin istehsalçılarına Avropa İttifaqı bazarına rüsumsuz çıxış imkanı yaradır.

Analitiklərin fikrincə, qlobal istehsal və satış şəbəkəsinin genişləndirilməsi Çin şirkətlərinə yalnız bazar payını artırmaq deyil, həm də proqram təminatı, sensor sistemləri, güc aqreqatları və digər yüksək texnologiyalar sahəsində yeni imkanlar yaratmağa şərait yaradır.

Kayl Çanın sözlərinə görə, bu proses robototexnika kimi əlaqəli sahələrin inkişafına da güclü multiplikativ təsir göstərir. O hesab edir ki, ABŞ elektromobil sektorundakı mövqelərini zəif qiymətləndirməklə, əslində gələcəyin daha geniş texnoloji transformasiyasında strateji üstünlükləri itirmək riski ilə üz-üzə qala bilər.

MONETAR.AZ