Mingəçevir Şəhər İcra Hakimiyyəti şəhərin abadlıq, təmizlik və təsərrüfat işlərində istifadə olunacaq xüsusi texnika və avadanlıqların satın alınması ilə bağlı açıq tender elan edib.
Satınalmanın ehtimal olunan ümumi dəyəri 720 min 150 manat təşkil edir. Tender çərçivəsində 8 adda texnika və avadanlığın alınması nəzərdə tutulur.
Siyahıya təkərli ekskavator, su çəkən vakuum maşını, avtosəbət, yol süpürən maşınlar, mini yolsüpürən texnika, otbiçən, xəzəl toplama avadanlığı və ekskavator çalovu daxildir.
Tender paketində ən yüksək dəyərə malik texnikalar sırasında 12 metr qollu, 147-170 at gücündə təkərli ekskavator, 33-35 metr iş hündürlüyünə malik avtosəbət və yüksək təzyiqli vakuum maşını yer alır.
Bazar göstəricilərinə əsasən, bu kateqoriyadan olan yeni texnikaların qiymətləri geniş diapazonda dəyişir. Təkərli ekskavatorların qiyməti komplektasiya və istehsalçıdan asılı olaraq təxminən 180-280 min manat, 33-35 metr hündürlüyə malik avtosəbətlərin qiyməti isə 150-250 min manat arasında dəyişir.
5 kubmetrlik vakuum maşınlarının qiyməti isə texniki imkanlardan asılı olaraq təxminən 80-150 min manat aralığında formalaşır. Digər texnikalar – yol süpürən maşınlar, mini yolsüpürənlər, otbiçən və köməkçi avadanlıqlar üzrə qiymətlər də nəzərə alındıqda, 720 min manatlıq ümumi satınalma məbləği bazar göstəricilərinə yaxın görünür.
Bununla belə, xüsusi texnika alışlarında yekun qiymətə təsir edən əsas amillər yalnız texnikanın özü deyil. Burada istehsalçı ölkə, marka, mühərrik və avadanlıq komplektasiyası, zəmanət müddəti, servis xidməti və ehtiyat hissələrinin təminatı da mühüm rol oynayır.
Məsələn, eyni texniki göstəricilərə malik iki ekskavator və ya avtosəbət arasında qiymət fərqi istehsalçıdan asılı olaraq on minlərlə manat ola bilər.
İlkin təhlilə görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin elan etdiyi 720 min manatlıq tender paketi bazar reallıqlarından kəskin kənara çıxmır. Əsas xərci təşkil edən texnikaların yeni buraxılış ili və yüksək texniki göstəricilərə malik olması nəzərə alınarsa, qiymətlərin ümumilikdə adekvat olduğu görünür.
Lakin satınalmanın iqtisadi səmərəliliyini tam qiymətləndirmək üçün tender nəticəsində qalib şirkətin təqdim etdiyi marka, model və vahid qiymətlər açıqlanmalıdır.
Tender üzrə təkliflərin təqdim olunması üçün son tarix 10 avqust 2026-cı il saat 10:49 müəyyən edilib.
MONETAR.AZ