İtaliyanın Treviso şəhərində fəaliyyət göstərən idman ayaqqabısı istehsalçısı "Gaerne" məhsul çeşidini yeni "G.Vista" modeli ilə genişləndirib. Çınqıl (qravel) yollarında sürüş üçün nəzərdə tutulan velosiped ayaqqabısının əsas yeniliyi "Soles by Michelin" ilə birgə hazırlanmış xüsusi altlıqdır.
Şin istehsalçılarının ayaqqabı sənayesinə daxil olması artıq yeni tendensiya hesab edilmir. Bunun ən uğurlu nümunələrindən biri "Adidas" və "Continental" arasında 2007-ci ildən davam edən əməkdaşlıqdır. Tərəflər indiyədək 250-dən çox model hazırlayıb. Onların məlumatına görə, "Continental" texnologiyası ilə istehsal olunan altlıqlar yerlə təması əhəmiyyətli dərəcədə yaxşılaşdırır, yaş və sürüşkən səthlərdə isə sürüşmə riskini azaldır. Bu texnologiyadan istifadə edilən ayaqqabılarla marafon yarışlarında yeddi dünya rekordu da qeydə alınıb.
"Gaerne" və "Michelin" əməkdaşlığı da eyni prinsipə əsaslanır. Şirkətlər hesab edirlər ki, avtomobillərin yol tutuşunu artıran texnologiyalar insan ayağı üçün də daha etibarlı və dayanıqlı həll təqdim edə bilər.
Yeni modeldə istifadə olunan "Michelin" altlığı aşınmaya davamlı xüsusi rezin qarışığından hazırlanıb. Altlığın protektor quruluşu müxtəlif örtüklərdə etibarlı tutuş təmin edir, geniş aralıqlı naxışlar isə palçıq və suyun asanlıqla təmizlənməsinə kömək edir.
Ayaqqabının konstruksiyası neylon və karbon lifinin birləşməsindən hazırlanıb. Bu materiallar pedala güc ötürülməsi üçün lazım olan sərtliyi qoruyarkən, piyada hərəkət zamanı rahatlığı təmin edən elastikliyi də saxlayır. Perforasiya olunmuş dəri üst hissə hava dövranını yaxşılaşdırır, termoplastik poliuretan (TPU) qoruyucular isə ayağı zərbə və sürtünmədən müdafiə edir.
İstehsalçı "Gaerne G.Vista" modelini asfalt, çınqıl və torpaq yolların birləşdiyi marşrutlar üçün universal velosiped ayaqqabısı kimi təqdim edir. Bununla yanaşı, model gündəlik istifadə üçün də uyğun hesab olunur.
Yeni ayaqqabının Avropa bazarında tövsiyə olunan pərakəndə satış qiyməti 179,90 avro təşkil edir.
![]()
MONETAR.AZ